A A A A A

Bir il Bibliya


Mart 12


Saylar 21:1-35
1. Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu.
2. İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik».
3. Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xormaqoyuldu.
4. Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi.
5. Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik».
6. O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü.
7. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı.
8. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın».
9. Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
10. İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar.
11. Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar.
12. Oradan da yola düşdülər və Zered vadisində dayandılar.
13. Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir.
14. Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır:«Sufada olan Vahev və vadilər, Arnon,
15. Arın məskəninə uzanıbMoav sərhədinə çatan vadilərin yamacları…»
16. Oradan Beerəyola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur.
17. O zaman İsrail övladları bu nəğməni oxudular:«Ey quyu, suların fışqırsın,Ona nəğmə oxuyun,
18. O quyu ki onu başçıların açdı,Xalqın əsilzadələriƏsa ilə, dəyənəklə qazdı».Sonra səhradan Mattanaya yollandılar.
19. Mattanadan Naxalielə, Naxalieldən Bamota,
20. Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.
21. İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi:
22. «Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».
23. Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi.
24. İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var.
25. İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.
26. Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.
27. Bunun üçün şairlər belə deyirlər:«Xeşbona gəlin;Qoy yenidən qurulsun,Sixonun şəhəri bərpa edilsin.
28. Çünki Xeşbondan atəş,Sixonun şəhərindən alov çıxdı;Moavın Ar şəhərini,Arnonun təpələrinin başçılarınıYandırıb məhv etdi.
29. Vay halına, ey Moav!Ey Kemoşun xalqı, yox oldun!Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı,Qızları əsir aparıldı.
30. Lakin biz onları məğlub etdik,Xeşbondan Divona qədər məhv oldular,Medvaya uzanan NofahadəkHər tərəfi viran etdik».
31. İsraillilər Emorluların torpağında məskunlaşdı.
32. Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.
33. Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı.
34. Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir».
35. İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.

Saylar 22:1-41
1. İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.
2. İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.
3. Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü.
4. Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.
5. Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir.
6. Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm».
7. Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər.
8. Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.
9. Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?»
10. Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi:
11. “Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”».
12. Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».
13. Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir».
14. Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi».
15. Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi.
16. Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə.
17. Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”».
18. Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm.
19. İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək».
20. O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et».
21. Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi.
22. O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı.
23. Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu.
24. Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi.
25. Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı.
26. Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu.
27. Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu.
28. Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?»
29. Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim».
30. Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr».
31. Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi.
32. Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir.
33. Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım».
34. Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım».
35. Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi.
36. Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.
37. Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»
38. Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm».
39. Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.
40. Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.
41. Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.

Zəbur 33:10-17
10. Rəbb millətlərin məsləhətini puç edər,Xalqların məqsədini heç edər.
11. Lakin Rəbbin məsləhəti əbədi olar,Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
12. Nə bəxtiyardır o millət ki Allahı Rəbdir,O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13. Rəbb göylərdən baxır,Bütün bəşər övladlarını görür,
14. Taxtında oturduğu yerdənBütün dünya əhalisini görür.
15. Odur hər bir insanın ürəyini yaradan,Əməllərini anlayan.
16. Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz,Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
17. Qələbə üçün at boş şeydir,Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.

Süleymanın Məsəlləri 11:25-26
25. Comərd bolluğa yetişər,Su verənə su verilər.
26. Taxılı anbarda gizlədənə camaat lənət oxuyar,Onu satanın başına bərəkət yağar.

Mark 12:28-44
28. İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»
29. İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
30. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.
31. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».
32. İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.
33. Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».
34. Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.
35. İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?
36. Davud özü Müqəddəs Ruh vasitəsilə“Rəbb mənim Ağama dedi:‹Mən düşmənlərini ayaqlarının altına salanadəkSağımda otur›”deyib.
37. Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.
38. İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,
39. sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar.
40. Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».
41. İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı.
42. Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı.
43. İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı.
44. Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».