A A A A A

Bir il Bibliya


Mart 10


Saylar 17:1-13
1. Rəbb Musaya belə dedi:
2. «İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz.
3. Harunun adını Levi əsasının üzərinə yaz ki, hər qəbilə başçısı üçün bir əsa olsun.
4. Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.
5. O zaman seçəcəyim adamın əsası tumurcuqlayacaq və İsrail övladlarının sizə qarşı sürəkli deyinmələrinə son qoyacağam».
6. Musa İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi.
7. Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu.
8. Ertəsi gün Musa Şəhadət çadırına girdi və gördü ki, Levi nəslini təmsil edən Harunun əsası tumurcuqlayıb. Budur, tumurcuq qönçələnmiş, çiçək açmış və badam yetişdirmişdi.
9. Musa əsaların hamısını Rəbbin hüzurundan bütün İsrail övladlarının qarşısına çıxardı. Əsalara baxdılar və hər kəs öz əsasını götürdü.
10. Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər».
11. Musa Rəbbin əmr etdiyinə əməl etdi.
12. İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq!
13. Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»

Saylar 18:1-32
1. Rəbb Haruna dedi: «Sən, övladların və atanın nəsli Müqəddəs məkanla əlaqədar hər hansı bir günah üçün məsuliyyət daşıyacaqsınız. Kahinliklə əlaqədar günahlar üçün məsuliyyəti yalnız sən və oğulların daşıyacaqsınız.
2. Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər.
3. Sənin qarşında cavabdehlik daşıyaraq çadırın bütün işlərinə baxsınlar. Ancaq müqəddəs yerin əşyalarına və qurbangaha yaxınlaşmasınlar ki, həm onlar, həm də siz ölməyəsiniz.
4. Sənə qoşulsunlar və Hüzur çadırının işlərinə, çadırdakı bütün xidmətlərə cavabdeh olsunlar. Başqa heç kimsə sizə yaxınlaşmamalıdır.
5. Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə düçar olmasınlar.
6. Budur, Mən İsrail övladları arasından Levili soydaşlarınızı sizə hədiyyə olaraq seçdim. Onlar Rəbbə Hüzur çadırında xidmət etmək üçün həsr olunmuşlar.
7. Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün».
8. Rəbb Haruna dedi: «Budur, Mənə gətirilən təqdimlərə nəzarət etməyi sənə tapşırdım. İsrail övladlarının bütün müqəddəs təqdimlərini əbədi pay olaraq sənə və övladlarına verirəm.
9. Qurbangahda yandırılmayan ən müqəddəs təqdimlərdən bunlar sənin olsun: taxıl təqdimləri, günah qurbanları və təqsir qurbanları – Mənə gətirilən ən müqəddəs təqdimlərin hamısı sənin və övladlarının olsun.
10. Bu ən müqəddəs şeyləri ye. Kişi cinsindən hər kəs onlardan yeyə bilər. Onları müqəddəs say.
11. Bunlar, İsrail övladlarının xüsusi hədiyyə olaraq gətirdikləri yellətmə təqdimlərinin hamısı sənindir. Onları sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.
12. Rəbbə verdikləri ilk məhsulları, zeytun yağının ən yaxşısının hamısını, təzə şərabın və buğdanın ən yaxşısının hamısını sənə verdim.
13. Torpaqlarında bitən nübardan Rəbbə gətirdiklərinin hamısı sənin olsun. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.
14. İsraildə Rəbbə həmişəlik həsr olunan hər şey sənin olsun.
15. Hər bətndən ilk doğulan, Rəbbə həsr olunan bütün oğlanlar və bütün heyvan balaları sənin olsun. Ancaq hər ilk oğlanın əvəzini mütləq ödə, hər murdar heyvanın ilk balasının da əvəzini ödə.
16. Onlar bir aylıq olanda sənin qoyduğun qiymətə görə iyirmi gera ağırlığında olan Müqəddəs yerdəki şekelə görə beş şekel gümüşlə əvəzlərini ödə.
17. Ancaq inəyin, qoyunun və yaxud da keçinin ilk balasının əvəzini ödəmə. Onlar müqəddəsdir. Qanlarını qurbangah üzərinə səp və piylərini tüstülədib yandır ki, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olsun.
18. Yellədilən döş əti və sağ budu kimi onların əti də sənin olsun.
19. İsrail övladlarının Mənə qaldırma təqdimi kimi gətirdikləri müqəddəs təqdimlərin hamısını Mən Rəbb sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Bu, Rəbbin səninlə və nəslinlə kəsdiyi əbədi və pozulmaz əhddir».
20. Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm.
21. Levililərə isə İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin, Hüzur çadırında etdikləri xidmətin əvəzidir.
22. Artıq İsrail övladları Hüzur çadırına yaxınlaşmasınlar ki, günahlarının cəzasını çəkib ölməsinlər.
23. Lakin Hüzur çadırının xidmətini Levililər etsinlər və çadırla əlaqədar günahlarının cəzasını çəksinlər. Bu, nəsildən-nəslə qədər sizin üçün əbədi qaydadır. İsrail övladları arasında onların irsi olmayacaq.
24. Bunun yerinə Levililərə irs olaraq İsrail övladlarının Rəbbə qaldırma təqdimi kimi verdikləri onda birini verdim. Buna görə Levililər üçün dedim ki, İsrail övladları arasında onların irsi olmayacaq».
25. Rəbb Musaya dedi:
26. «Levililərə belə söylə: “İsrail övladlarının məhsullarından irsiniz olaraq sizə verdiyim onda bir hissəni aldığınız vaxt bu hissənin onda birini Rəbbə qaldırma təqdimi kimi verin.
27. Təqdiminiz xırmanda döyülən taxıl yaxud üzümsıxandan çıxan məhsul kimi sayılacaq.
28. Beləliklə, siz də İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib kahin Haruna verin.
29. Bütün hədiyyələrinizdən Rəbbə qaldırma təqdimi verin. Hər təqdim onun təqdis olunmuş ən yaxşı hissəsindən olsun”.
30. Bunun üçün onlara deyin: “Ondan ən yaxşısını təqdim etdiyiniz zaman bu, Levililər üçün xırman məhsulu yaxud üzümsıxan məhsulu kimi sayılacaq.
31. Siz və ev xalqınız hər yerdə onu yeyəcəksiniz, çünki o, haqqınız, Hüzur çadırında olan xidmətinizin əvəzidir.
32. Ondan ən yaxşısını təqdim edəndə ondan savayı günahın cəzasını çəkməmək üçün İsrail övladlarının müqəddəs təqdimlərini pozmayın ki, ölməyəsiniz”».

Zəbur 32:6-11
6. Buna görə hər bir möminSəni tapan zaman Sənə dua etsin.Azğın sellər daşsa da,Möminə toxunmaz.
7. Sığınacaq yerim Sənsən,Məni dardan hifz edirsən.Zəfər harayı iləƏtrafımda dövr edirsən.
8. Dedin: «Sənə təlim verəcəyəm,Gedəcəyin yolu öyrədəcəyəm.Nəsihət verəcəyəm,Gözüm sənin üstündə olacaq.
9. At yaxud qatır kimiŞüursuz olmayın.Cilov, yüyən vurulmasa,Onlar idarə edilə bilməz».
10. Pislərin başına çox bəla gələr,Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
11. Ey salehlər, fərəhlənin,Rəbbə görə sevinin!Ey ürəyidüz olanlar,Onu mədh edin!

Süleymanın Məsəlləri 11:19-21
19. Sidq ürəkdən saleh olan həyata qovuşar,Şərin ardınca düşən ölümə çatar.
20. Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar,O, yolu kamil olanlardan razı qalar.
21. Doğrudan da, pis cəzasız qalmaz,Salehlərin nəsli xilas olar.

Mark 11:20-33
20. Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub.
21. Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».
22. İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun.
23. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.
24. Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.
25. Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».
26.
27. Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb
28. dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»
29. İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.
30. Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin».
31. Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.
32. Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı.
33. Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».