A A A A A

Bir il Bibliya


Fevral 4


Çıkış 19:1-25
1. İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər.
2. Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar.
3. Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə:
4. “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz.
5. İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir;
6. siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə».
7. Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu.
8. Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı.
9. Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı.
10. Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar.
11. Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək.
12. Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir.
13. Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”».
14. Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular.
15. Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin».
16. Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi.
17. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular.
18. Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi.
19. Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi.
20. Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı.
21. Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar.
22. Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın».
23. Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin».
24. Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar».
25. Musa xalqın yanına enib bunu onlara söylədi.

Çıkış 20:1-26
1. Allah bütün bu sözləri belə söylədi:
2. «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
3. Məndən başqa allahların olmasın.
4. Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
5. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
6. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
7. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
8. Şənbə gününü yadda saxlayıb təqdis et.
9. Altı gün çalışıb bütün işlərini gör.
10. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.
11. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.
12. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
13. Qətl etmə.
14. Zina etmə.
15. Oğurluq etmə.
16. Heç kimə qarşı yalandan şahidlik etmə.
17. Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
18. Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu.
19. Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik».
20. Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun».
21. Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.
22. Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım.
23. Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən allahlar düzəltməyin.
24. Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm.
25. Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən.
26. Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”.

Zəbur 18:37-45
37. Düşmənlərimi qovub onlara çatdım,Onlar məhv olanadək geriyə qayıtmadım.
38. Onları əzdim, qalxa bilmədilər,Ayaqlarımın altına sərildilər.
39. Döyüş üçün məni qüvvə ilə bürüdün,Əleyhdarlarımı ayağımın altına saldın.
40. Düşmənlərimin kürəyini mənə sarı çevirdin,Mənə nifrət edən yağıları məhv etdim.
41. Fəryad etsələr də, onları qurtaran olmadı,Rəbbi çağırsalar da, cavab almadılar.
42. Onları əzib külək sovuran toz etdim,Küçələrin palçığı kimi tapdaladım.
43. Sən məni xalqın çəkişmələrindən qurtardın,Məni millətlərə başçı qoydun,Tanımadığım xalqları mənə tabe etdirdin.
44. Yadellilər mənə boyun əydilər,Səsimi eşidəndə mənə itaət etdilər.
45. Yadellilərin cəsarəti qırıldı,Titrəyərək sığınacaqlarından çıxdılar.

Süleymanın Məsəlləri 6:20-25
20. Oğlum, atanın əmrini yerinə yetir,Ananın öyrətdiklərini atma.
21. Onları qəlbinin başına yapışdır,Həmişə onları boynuna bağla.
22. Gəzəndə onlar sənə yol göstərər,Yatanda səni hifz edər,Oyananda sənə məsləhət verər.
23. Bu əmr çıraqdır, bu təlim nurdur,Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24. Bunlar səni pozğun qadından,Şirindilli yad arvaddan qoruyar.
25. Onun gözəlliyinə aşiq olma,Onun kirpiklərinin əsiri olma.

Matta 22:23-46
23. Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
24. «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”.
25. Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.
26. İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü.
27. Hamısından sonra bu qadın da öldü.
28. İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29. İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.
30. Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
31. Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
32.
33. Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
34. Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.
35. Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:
36. «Müəllim, Qanunda ən böyük əmr hansıdır?»
37. İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.
38. Bu, böyük və əsas əmrdir.
39. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
40. Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
41. Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:
42. «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.
43. İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44. “Rəbb mənim Ağama dedi:‹Mən düşmənlərini ayaqlarının altına salanadəkSağımda otur›”deyib.
45. Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»
46. Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.