A A A A A

Bir il Bibliya


Fevral 24


Levililər 17:1-16
1. Rəbb Musaya belə dedi:
2. «Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur:
3. İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən
4. onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun.
5. Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər.
6. Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın.
7. İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.
8. Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə
9. Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.
10. İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən Mən üz döndərib xalqı arasından qovacağam,
11. çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.
12. Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda yaşayan yadelli də qan yeməsin›.
13. İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün.
14. Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun.
15. Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək murdar, sonra pak sayılsın.
16. Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”».

Levililər 18:1-30
1. Rəbb Musaya dedi:
2. «İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm.
3. Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın;
4. Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm.
5. Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.
6. Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm.
7. Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma.
8. Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur.
9. Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.
10. Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.
11. Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.
12. Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.
13. Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.
14. Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.
15. Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.
16. Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.
17. Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.
18. Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19. Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.
20. Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.
21. Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.
22. Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.
23. Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.
24. Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb,
25. torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm.
26. İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin.
27. Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar.
28. Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq.
29. Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.
30. Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».

Zəbur 27:1-3
1. Rəbdir nurum, qurtuluşum!Mən kimdən qorxum?Rəbdir ömrümün qalası,Mən kimdən vahimələnim?
2. Ətimi yemək üçün hücum edən şər adamlar –Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
3. Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,Mənimlə döyüşsələr də, arxayınam.

Süleymanın Məsəlləri 10:9-9
9. Kamalla gəzib-dolaşan dinc yaşar,Yolu əyri olanlar üzə çıxar.

Mark 4:21-41
21. İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi?
22. Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın.
23. Eşitməyə qulağı olan eşitsin!»
24. İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək.
25. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».
26. Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.
27. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.
28. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.
29. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».
30. Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?
31. O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,
32. əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».
33. İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;
34. onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.
35. Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».
36. Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.
37. Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.
38. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»
39. İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü.
40. İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?»
41. Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»