A A A A A

Bir il Bibliya


Fevral 21


Levililər 13:1-59
1. Rəbb Musaya və Haruna dedi:
2. «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzamkimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin.
3. Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin.
4. Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
5. Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.
6. Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın.
7. Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin.
8. Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır.
9. Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin.
10. Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa,
11. bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır.
12. Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə,
13. qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın.
14. Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın.
15. Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır.
16. Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin
17. və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır.
18. Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra
19. və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin.
20. Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır.
21. Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
22. Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir.
23. Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin.
24. Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə,
25. kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir.
26. Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.
27. Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir.
28. Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir.
29. Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda
30. kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur.
31. Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin.
32. Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə,
33. qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.
34. Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın.
35. Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa,
36. kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın.
37. Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin.
38. Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa,
39. qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.
40. Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.
41. Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın.
42. Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır.
43. Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə,
44. o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.
45. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın.
46. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.
47. Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim
48. yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.
49. Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin.
50. Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin.
51. Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın.
52. Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın.
53. Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb,
54. kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin.
55. Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız.
56. Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın.
57. Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın.
58. Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.
59. Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».

Zəbur 25:16-22
16. Üzünü mənə sarı çevir və lütfkar ol,Çünki tənhayam, zülm içindəyəm.
17. Qəlbimdəki qubar artıb,Məni dərdlərdən qurtar.
18. Əzab-əziyyətimə bax,Bütün günahlarımı bağışla.
19. Düşmənlərimə bax, gör nə qədər çoxalıb,Amansız nifrətlərinə hədəfəm.
20. Canımı qoru, məni qurtar,Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
21. Qoy kamalla düzlük məni hifz etsin,Çünki Səni gözləyirəm.
22. Ey Allah, İsrailiBütün çətinliklərindən qurtar.

Süleymanın Məsəlləri 10:4-5
4. Tənbəlin əlləri onu yoxsullaşdırar,Çalışqanın əli sərvət qazanar.
5. Ağıllı oğul yayda məhsul yığar,Biçin vaxtı yatan oğul rüsvay olar.

Mark 3:1-19
1. İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.
2. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.
3. İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»
4. Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.
5. İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.
6. Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.
7. İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.
8. İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.
9. İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.
10. Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.
11. Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»
12. Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
13. İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.
14. İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,
15. həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.
16. Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,
17. Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,
18. Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon
19. və İsaya xəyanət edən Yəhuda İskaryot.