A A A A A

Bir il Bibliya


Fevral 15


Levililər 1:1-17
1. Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:
2. «İsrail övladlarına bəyan et və de: “Sizdən bir nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.
3. Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin.
4. O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.
5. O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər.
6. Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın.
7. Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər.
8. Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər.
9. Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
10. Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan olsun.
11. Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər.
12. Sonra o adam heyvanı parça-parça doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan od üstünə düzsün.
13. İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
14. Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud göyərçinlərdən qurban gətirsin.
15. Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın.
16. Kahin quşun çinədanını lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın.
17. Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

Levililər 2:1-16
1. Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündürqoysun.
2. Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
3. Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.
4. Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.
5. Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir.
6. Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.
7. Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.
8. Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın.
9. Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
10. Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir.
11. Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.
12. Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın.
13. Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla.
14. Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et.
15. Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir.
16. Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir.

Zəbur 22:22-31
22. İsmini qardaşlarıma elan edəcəyəm,Camaat arasında Sənə həmd söyləyəcəyəm:
23. «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin,Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin,Siz ey İsrail nəsli, Ona ehtiram edin!
24. Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı,Ondan ikrah edərək üzünü gizlətmədi,İmdada çağıranda səsinə cavab verdi».
25. Çoxlu camaat arasında həmd etdiyim Sənsən!Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
26. Qoy məzlumlar doyunca yesin,Rəbbi axtaranlar Ona həmd etsin!Qoy canınız həmişə sağ olsun!
27. Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlarRəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.Bütün millətlərin soylarıOnun hüzurunda səcdə qılacaq.
28. Çünki hökmranlıq Rəbbindir,Millətlər üzərində səltənət sürən Odur!
29. Bütün dünya zənginləri yeyib-doyacaq,Rəbbin hüzurunda səcdə qılacaq.Torpağa düşənlərin hamısı –Özlərini ölümdən saxlaya bilməyənlərOnun hüzurunda diz çökəcəklər.
30. Gələcək nəsillər Ona qulluq edəcək,Xudavənd haqqında övladlarına deyəcək;
31. Onun ədalətini, Onun əməlləriniGələcəkdə doğulan xalqa bildirəcək.

Süleymanın Məsəlləri 8:32-36
32. İndi, ey övladlar, mənə qulaq asın:Yoluma bağlı qalan nə bəxtiyardır!
33. Verdiyim tərbiyəyə qulaq asın,Hikmət alın, onu bir tərəfə atmayın.
34. Mənə qulaq asan,Hər gün darvazalarım qarşısında duran,Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!
35. Çünki məni tapan həyat tapar,Rəbbi razı salar.
36. Məni əldən verən canına qəsd edər,Mənə nifrət edənlərin hamısı ölümü sevər».

Matta 27:27-54
27. Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar.
28. Onu soyundurub al rəngli xalat geyindirdilər.
29. Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar.
30. Ona tüpürdülər, qamışı götürüb başına vurdular.
31. Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.
32. Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
33. Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə
34. Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi.
35. Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
36. Sonra orada oturub Onun keşiyini çəkdilər.
37. Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular.
38. O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.
39. Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq
40. «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.
41. Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər:
42. «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək.
43. Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi».
44. İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.
45. Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
46. Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi:«Eli, Eli, lema şabaqtani?»Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
47. Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır».
48. Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin.
49. O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?»
50. İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.
51. O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.
52. Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.
53. Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.
54. İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.