A A A A A

Biblija per vienerius metus

Vasaris 11

Çıkış 33:1-23
1. Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa,
2. qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım
3. süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm».
4. Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı.
5. Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”».
6. Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular.
7. Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi.
8. Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı.
9. Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı.
10. Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı.
11. Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi.
12. Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”.
13. Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır».
14. O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
15. Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə.
16. Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?»
17. Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram».
18. Musa dedi: «İzzətini mənə göstər».
19. Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».
20. Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz».
21. Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur.
22. İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm.
23. Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, üzüm isə görünməyəcək».

Çıkış 34:1-35
1. Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam.
2. Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə önümdə dur.
3. Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə qoyun-keçi, nə də mal-qara otlasın».
4. Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı.
5. Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib
6. Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm,
7. minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm».
8. Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı.
9. Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».
10. Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin ətrafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur.
11. Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram.
12. Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın.
13. Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin.
14. Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır.
15. Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın.
16. Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər.
17. Özünüz üçün tökmə allahlar düzəltməyin.
18. Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız.
19. Bütün ilk doğulan oğlanlar və bütün heyvanlarınızın, istər mal-qaranızın, istərsə də qoyun-keçinizin ilk doğulan balaları Mənimdir.
20. İlk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Aranızda hər adamın ilk oğlunun əvəzini ödəyin. Heç kəs önümə əliboş gəlməsin.
21. Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin.
22. Buğda biçinin nübarı ilə Həftələr bayramını qeyd edin. İlin sonunda isə Yığım bayramını qeyd edin.
23. İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər.
24. Çünki Mən sizin qarşınızdan millətləri qovub sərhədlərinizi elə genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz Allahınız Rəbbin hüzurunda görünmək üçün gələndə heç kəs sizin torpağınıza tamah salmasın.
25. Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti səhərə qədər qalmasın.
26. Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin».
27. Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm».
28. Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On Əmri yazdı.
29. Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır.
30. Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona yaxınlaşmaqdan qorxdular.
31. Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı və Musa onlarla söhbət etdi.
32. Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi.
33. Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi.
34. Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi.
35. İsrail övladları isə Musanın üzünün nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi.

Zəbur 21:8-13
8. Əlin bütün düşmənlərini tapacaq,Sağ əlin yağıları tutacaq.
9. Ya Rəbb, onlara görünən zamanSən onları soba tək yandıracaqsan,Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
10. Övladlarını yer üzündən,Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
11. Çünki pis niyyətlə əleyhinə çıxdılar,Hiylə işlətdilər, amma gücləri çatmadı.
12. Çünki Sən onları geri qovacaqsan,Yay çəkib oxla üzlərini nişan alacaqsan.
13. Ya Rəbb, qoy Sənin uca qüdrətini görək!Əzəmətini ilahilərlə tərənnüm edək!

Süleymanın Məsəlləri 8:1-5
1. Məgər hikmət çağırmırmı,Məgər dərrakə səsləmirmi
2. Uca yerlərdə, yol kənarında,Yollar ayrıcında dayanıb?
3. Darvazaların yanında, şəhərin qarşısında,Qapıların kandarında çağırır:
4. «Ey insanlar, mən sizi səsləyirəm,Ey bəşər övladları, sizə xitab edirəm.
5. Ey cahillər, uzaqgörən olun,Ey axmaqlar, ağıllanın.

Matta 26:1-25
1. İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi:
2. «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».
3. O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar.
4. İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar.
5. Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
6. İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən
7. bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü.
8. Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür?
9. Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı».
10. Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.
11. Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam.
12. Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı.
13. Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».
14. O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi:
15. «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.
16. O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
17. Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?»
18. O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”».
19. Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər.
20. Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu.
21. Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».
22. Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?»
23. O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək.
24. Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
25. Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.