A A A A A

Bir il Bibliya


Fevral 1


Çıkış 13:1-22
1. Rəbb Musaya dedi:
2. «İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir».
3. Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin.
4. Çıxdığınız bu gün Aviv ayındadır.
5. Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin.
6. Yeddi gün mayasız çörək yeyin, yeddinci gün Rəbbə bayram olsun.
7. O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
8. O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm”.
9. Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı.
10. İldən-ilə təyin olunan vaxt bu qanuna riayət edin.
11. Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan bəri
12. ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun.
13. Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin.
14. Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı.
15. Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”.
16. Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı».
17. Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq, o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar».
18. Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı.İsrail övladları Misir torpağından silahlanıb çıxdılar.
19. Musa Yusifin sümüklərini özü ilə apardı, çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın» deyərək and içdirmişdi.
20. İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar.
21. Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər.
22. Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı.

Çıkış 14:1-31
1. Rəbb Musaya dedi:
2. «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”.
3. Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir.
4. Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər.
5. Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?»
6. Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü.
7. O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi.
8. Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər.
9. Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar.
10. Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər.
11. Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin?
12. Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır».
13. Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz.
14. Sakit olun, Rəbb sizin üçün döyüşəcək!»
15. Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər.
16. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər.
17. Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.
18. Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm».
19. İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib,
20. Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar.
21. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və
22. İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.
23. Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.
24. Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı.
25. O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür».
26. Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».
27. Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.
28. Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.
29. İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.
30. Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü.
31. İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi.

Zəbur 18:13-19
13. Rəbb göylərdə gurladı,Haqq-Taala səs saldı,Odlu közlər və dolu yağdı.
14. Oxlarını atıb düşmənləri darmadağın etdi,Şimşəyini çaxdırıb onları dağıtdı.
15. Ya Rəbb, Sənin məzəmmətindən,Burnundakı nəfəsinin şiddətindənSuların dərinlikləri göründü,Dünyanın bünövrələri açıq qaldı.
16. O, ucalardan əl uzadıb məni tutdu,Məni dərin suların içindən çıxartdı.
17. Məni qüvvətli düşmənimdən azad etdi,Çünki yağılarım məndən güclü idi.
18. Fəlakətli günümdə qarşıma çıxdılar,Lakin Rəbb mənə dayaq oldu.
19. O məni genişliyə çıxardı,Məndən razı qalıb məni qurtardı.

Süleymanın Məsəlləri 6:6-11
6. Ey tənbəl, qarışqalara diqqət yetir,Onların həyatından ibrət götür.
7. Onların nə başçıları var,Nə nəzarətçiləri, nə də hökmdarları.
8. Yayda azuqələrini yığar,Biçin vaxtı özlərinə yem toplayarlar.
9. Ey tənbəl, nə qədər yatacaqsan?Nə vaxt yuxudan oyanacaqsan?
10. Bir az da uzanıb yuxuya dalsan,Əl-qolunu uzadaraq yatsan,
11. Yoxsulluq soyğunçu kimi üstünə gələr,Ehtiyac quldur kimi sənə hücum çəkər.

Matta 21:1-22
1. Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək
2. onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin.
3. Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz».
4. Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi:
5. «Sion qızına deyin ki,“Bax Padşahın sənə tərəf gəlir;O itaətkardır və bir eşşəyə –Eşşəyin balası olan sıpaya minib gəlir”».
6. Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər.
7. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi.
8. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.
9. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi:«Davud Oğluna hosanna!Rəbbin ismi ilə Gələnə alqış olsun!Ən ucalarda hosanna!»
10. İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı.
11. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».
12. İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi.
13. Onlara belə dedi:«“Mənim evim dua evi adlandırılacaq”deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»
14. İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi.
15. Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar
16. və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli.“Körpələrin və çağaların ağzındanKamil həmd aldın”sözünü heç oxumamısınızmı?»
17. İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.
18. Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.
19. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu.
20. Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.
21. İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.
22. İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».