A A A A A

Bir il Bibliya


Dekabr 21


Mikeya 6:1-16
1. Rəbbin nə dediyini indi dinləyin:«Məhkəmə qarşısında durun,Qoy dağlar bunun şahidi olsun,Qoy təpələr səsinizi eşitsin!
2. Ey dağlar və yerin sarsılmaz təməlləri,Rəbbin ittihamını eşidin!Rəbb Öz xalqını ittiham edir,İsraili məhkəməyə verir.
3. Ey xalqım, nə etmişəm sənə?Nə ilə yormuşam səni?Mənə cavab ver!
4. Səni Misir torpağından çıxaran,Köləlik diyarından sizi satın alan,Musanı, Harunu, Məryəmi,Sənin qabağına göndərən Mən oldum.
5. Ey xalqım, sənə qarşıMoav padşahı Balaqın niyyətlərini,Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla,Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki,Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».
6. Rəbbin hüzuruna nə ilə gedim?Uca Allaha necə səcdə edim?Önünə yandırma qurbanları ilə –Birillik danalarla çıxımmı?
7. Minlərlə qoç qurbanı,Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi?Üsyankarlığıma görə ilk oğlumu,Günahım üçün öz övladımı verimmi?
8. Ey insan, Allah sənə yaxşı olanı bildirdi;Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən,İtaətkarcasına Allahınla bir yol getməkdən başqaRəbb səndən nə istəyir ki?
9. Rəbbin səsi şəhərə nida edir,Onun adından qorxmaq hikmətdir.«Ey şəhərdə toplanan camaat, eşidin!Ey şəhər sakinləri, dinləyin!
10. Məgər pislərin evindəki haram mal-dövlətdən,Lənətli əskik ölçülərdən xəbərim yoxdur?
11. Saxta tərəzi və aldadıcı çəki daşlarındanİstifadə edəni haqlı sayarammı?
12. Şəhərin varlıları zorakılıq edir,Sakinləri adamları aldadır –Yalanla nəfəs alır.
13. Buna görə Mən sizi vurmağa,Günahlarınıza görə əzab verməyə başladım.
14. Yeyəcəksiniz, amma doymayacaqsınız,Qarınlarınız boş qalacaq.Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız,Qılıncla topladığınızı məhv edəcəyəm.
15. Siz əkəcəksiniz, amma biçməyəcəksiniz,Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz,Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.
16. Axı padşah Omrinin qaydalarına riayət etmisiniz,Axav sülaləsinin adətlərinə uymusunuz,Onların məsləhətinə görə getmisiniz,Buna görə də sizi viranəliyə döndərəcəyəm,Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm,Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».

Mikeya 7:1-20
1. Vay halıma!Mən bir adama bənzəyirəm ki,Yay mövsümündən sonraMeyvəsi tamam yığılmış,Tənəkləri təmizlənmiş,Nə üzüm salxımı,Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.
2. Ölkədə Allaha sadiq adam qalmadı,İnsanlar arasında doğru adam tükəndi.Hamı qan tökmək üçün pusquda durur,Qardaş qardaşa tələ qurur.
3. Pis işlərə əlləri zirək olur,Rəislər, hakimlər rüşvət tələb edir,Dövlətlilər istədiklərini edir,Hamısı hiylə ilə iş görür.
4. Bunların ən yaxşısı tikandan dəyərsizdir,Ən salehi də alaq otundan pisdir.Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimiCəza günü gəldi.İndi siz çaşbaş qalmısınız.
5. Qonşunuza inanmayın,Dostunuza bel bağlamayın,Hətta qoynunuzda yatan arvadınızdan belə,Ağzınızı möhkəm saxlayın.
6. Çünki oğul atasına xor baxır,Qız anasına, gəlin də qayınanasına qarşı qalxır.İnsanın düşməni öz ev əhli olub.
7. Mən isə Rəbbə baxacağam,Məni xilas edən Allahı gözləyəcəyəm.O məni xilas edəcək,Allahım məni eşidəcək.
8. Halıma sevinmə, ey düşmənim!Mən yıxılsam da, qalxacağam.Qaranlıqda olsam da,Rəbb mənim nurum olacaq!
9. Mənə bəraət qazandırıbHökmünü icra edənə qədərRəbbin qəzəbinə dözəcəyəm,Çünki Ona qarşı günah işlətdim.O sonra məni işığa çıxaracaq,Onun salehliyini görəcəyəm.
10. Düşmənim bunu görüb xəcalət çəkəcək.O mənə demişdi:«Allahın Rəbb haradadır?»Bu düşmənin məğlubiyyətini görəcəyəm,O, küçələrdə palçıq kimi tapdalanacaq.
11. Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır,O gün sərhədlərin genişlənəcək.
12. O gün xalqın Aşşurdan,Misir şəhərlərindən,Misirdən Fərat çayına qədər uzanan torpaqlardan,Dənizdən dənizədək, dağdan dağadək,Sənin yanına qayıdacaq.
13. Lakin sakinlərinin əməllərinə görəYer üzü viran olacaq.
14. Ya Rəbb, mirasın olan sürünü –Öz xalqını çomağınla otar.O, çöldə indi tənha qalır,Ətrafında isə yaxşı otlaq var.Qoy keçmiş günlərdəki kimiBaşan və Gileadda otlasınlar.
15. «Misirdən çıxdığın günlərdəki kimiSizə möcüzələr göstərəcəyəm».
16. Millətlər bunu görəcək,Öz qüvvətlərinə görə utanacaq.Əlləri ilə ağızlarını yumacaq,Qulaqları kar olacaq.
17. İlan kimi torpağı yalayacaq,Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq.Ey Allahımız Rəbb, onlar Səndən qorxubDəhşət içində Sənə tərəf dönəcək.
18. Sağ qalan xalqının cəzasını aradan götürən,Üsyankarlığını bağışlayanSənin kimi Allah varmı?Qəzəbini əbədi saxlamazsan,Çünki məhəbbət göstərməyi xoşlayırsan.
19. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən,Bütün günahlarımızıDənizin dərinliklərinə atacaqsan.
20. Qədim zamanda atalarımıza and içdiyin kimiYaqub nəslinə sədaqətini,İbrahim övladlarına məhəbbətini göstərəcəksən.

Zəbur 145:10-16
10. Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək,Möminlərin Sənə alqış edəcək.
11. Padşahlığının əzəmətindən deyəcəklər,Qüdrətindən danışacaqlar.
12. Qoy bəşər övladları Sənin qüdrətini,Padşahlığının izzətini, əzəmətini bilsin.
13. Sənin padşahlığın əbədi padşahlıqdır,Səltənətin nəsildən-nəslə qədər uzanır.
14. Rəbb yıxılanların hamısına dayaqdır,Qəddi əyilənlərin hamısını qaldırır.
15. Ya Rəbb, hamının gözü Sənə baxır,Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16. Əlini açırsan,Bütün canlıları doyunca yedirirsən.

Süleymanın Məsəlləri 30:15-15
15. Zəlinin iki qızı var,«Ver, ver» deyib bağırar.Üç şey var ki, heç doymaz,Dörd şey var ki, «bəsdir» deməz:

Yəhyanın Vəhyi 11:1-19
1. Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say.
2. Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək.
3. Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər».
4. Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır.
5. Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir.
6. Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.
7. Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək.
8. Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır.
9. Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər.
10. Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi.
11. Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü.
12. O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı.
13. O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.
14. İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.
15. Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi:«Rəbbimiz və Onun MəsihiDünya üzərində Padşahlığa sahib oldu!O əbədi olaraq padşahlıq edəcək!»
16. Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək
17. dedi:«Ey Var Olan, Var OlmuşKülli-İxtiyar Rəbb Allah,Sənə şükür edirik!Çünki Öz böyük qüdrətini alıbPadşahlıq taxtına çıxdın.
18. Millətlər qəzəbləndi,Sənin də qəzəbinin vaxtı gəldi.Ölüləri mühakimə etmək,Sənin qulların olanPeyğəmbərlərə, müqəddəslərə,Sənin adından qorxanlara,Kiçiklərə və böyüklərə mükafat vermək,Yer üzünü məhv edənləriMəhv etmək vaxtı çatdı».
19. Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.