A A A A A

Bir il Bibliya


Dekabr 19


Mikeya 1:1-16
1. Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.
2. Eşidin, ey bütün xalqlar,Qulaq asın, yer üzü və orada yaşayanlar!Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindənŞəhadət etsin.
3. Budur, Rəbb göylərdəki taxtından enir,Yer üzünü dağların zirvəsi ilə gəzir.
4. Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,Təpələrdən gələn sellər tək yarğanlar açacaq.
5. Bunlar Yaqub övladlarının üsyankarlığına,İsrail xalqının günahlarına görədir.Yaqub övladlarının üsyankarlığına görəAxı kimdir müqəssir? Samariya deyilmi?Yəhudanın bütpərəstliyinə görəAxı kimdir təqsirkar? Yerusəlim deyilmi?
6. «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,Yerində üzümlük salınacaq.Daşlarını dərəyə tökəcəyəm,Təməllərini açıq qoyacağam.
7. Samariyanın bütün oyma bütləri parça-parça olacaq,Məbədinə verilən hədiyyələr yandırılacaq,Bütün heykəllərini dağıdacağam.Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,Onlar yenə də fahişələr üçün işlədiləcək».
8. Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam,Ayaqyalın, lüt-üryan dolaşacağam,Çaqqal kimi ulayacağam,Bayquş kimi səs salacağam.
9. Samariyanın yaraları sağalmaz,Yəhudayadək yayılıb,Xalqımın darvazalarınadək,Yerusəlimədək çatıb.
10. Bunu Qatda bildirməyin,Önlərində ağlamayın.Bet-Leafrada toz-torpaqda yuvarlanın.
11. Siz ey Şafir sakinləri,Lüt-üryan, xəcalət içində əsarətə gedin!Saananda yaşayanlar oradan çıxa bilməyəcək.Bet-Esel əhli yas tutacaq,Köməyini sizdən çəkəcək.
12. Marot əhalisi xeyir arzulasa da,Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
13. Ey Lakiş sakinləri, atlarınızıDöyüş arabalarına qoşunSion qızını günaha batırdınız,İsrailin üsyankarlığına bais oldunuz!
14. Buna görə Moreşet-Qata cehiz verəcəksiniz,Akziv şəhəri İsrail padşahlarını aldadacaq.
15. Ey Mareşa sakinləri,Rəbb üzərinizə yenə istilaçı gətirəcək,Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.
16. Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx,Qoy başın kərkəs başı kimi keçəl olsun,Çünki övladların sürgünə aparılacaq!

Mikeya 2:1-13
1. Yatağında şər niyyətdə olanların,Yamanlıq üçün qəsd quranların vay halına!Onların gücü buna çatdığına görəOna səhər tezdən əməl edirlər!
2. Tarlalara tamah salıb mənimsəyirlər,Evlərə göz dikib sahib dururlar.Ev sahibi ilə ailəsinə zülm edirlər,Adamları mirasından məhrum edirlər!
3. Buna görə də Rəbb belə deyir:«Bu xalqa bəla gətirməyə hazırlaşıram,Ondan boyun qaçıra bilməyəcəksiniz.Siz bir daha dikbaş gəzməyəcəksiniz,Çünki pis zaman gəlir.
4. O gün sizi lağa qoyub,Belə yanıqlı mərsiyə oxuyacaqlar:“Biz tamam məhv olduq!Rəbb xalqımın payını dəyişdirdi,Onu necə məndən uzaqlaşdırdı,Tarlamızı satqınlara payladı”.
5. Buna görə ölkə yenə püşklə bölünsə də,Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».
6. Adamlar deyir:«Vəz etməyin,Bu işlər barədə vəz etməyin,Rüsvay olmayacağıq!»
7. Ey Yaqub nəsli, belə deyilirmi:«Məgər Rəbbin səbri tükəndi?O belə şeylər edərmi?»Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?
8. Dünən xalqım idiniz,Bu gün isə Mənə düşmən oldunuz.Müharibədən qayıdanların,Yoldan sakit keçənlərinƏynindən paltarlarını alıbOnları soyursunuz.
9. Xalqımın qadınlarınıRahat evlərindən qovursunuz,Uşaqlarını Mənim verdiyim bərəkətdənƏbədilik məhrum edirsiniz.
10. Qalxın gedin,Çünki bura istirahət yeri deyil.Bu yer murdarlandığına görəDəhşətli surətdə darmadağın olacaq.
11. Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə:«Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq»,Bu adam xalqın vaizi olar!
12. Ey Yaqub övladları,Mən mütləq hamınızı bir yerə yığacağam,İsrailin sağ qalanlarını toplayacağam.Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam.Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.
13. Azad edən qalxacaq,Sağ qalanların yolunu açacaq.Onlar darvazanı qıracaq,Oradan keçib-çıxacaq.Padşahları onların qabağında gedəcək,Rəbb önlərində gedəcək.

Mikeya 3:1-12
1. Onda mən dedim:«Dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Axı siz ədalətli olmalısınız!
2. Siz ki yaxşıya nifrət edirsiniz,Pisliyi sevirsiniz,Xalqımın dərisini soyursunuz,Ətini sümüklərindən qoparırsınız,
3. Siz xalqımın ətini yeyirsiniz,Dərisini soyursunuz, sümüyünü qırırsınız.Sanki qazanda, tavada bişirilən ət kimiXalqımı doğrayırsınız.
4. Gün gələcək, Rəbbə fəryad edəndəO sizə cavab verməyəcək.O zaman Rəbb üzünü sizdən gizlədəcək,Çünki əməlləriniz pis olub».
5. Xalqını azdıran peyğəmbərlərə qarşıRəbb belə deyir:«Yeməyiniz olandaSülh bəyan edirsiniz.Sizə çörək verməyənlərə isəDava elan edirsiniz».
6. Buna görə sizə görüntüsüz gecə gələcək,Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.Peyğəmbərlər üçün günəş batacaq,Gündüz onlar üçün zülmət olacaq.
7. Görücülər rüsvay olacaq,Falçılar biabır olacaq,Onların hamısı bundan utanıb susacaq,Çünki Allahdan cavab olmayacaq.
8. Mən isə Yaqub övladlarına üsyankarlığını,İsrailə günahını bildirmək üçünQüvvətlə, Rəbbin Ruhu ilə,Ədalət və cəsarətlə qurşanıram.
9. Bunu dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Siz ədalətə nifrət edirsiniz,Hər cür düzlüyü əyriyə çevirirsiniz.
10. Sionu qan bahasına bina edirsiniz,Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.
11. Rəhbərləri rüşvətlə hökm edir,Kahinləri muzdla təlim verir,Peyğəmbərləri falçılıq edib pul alır.Amma Rəbbə güvənərək belə deyirlər:«Rəbb aramızda deyilmi?Üstümüzə bəla gəlməz».
12. Buna görə də sizin üzünüzdənSion tarla kimi şumlanacaq,Yerusəlim daş qalağına,Məbədin tikildiyi dağMeşəli təpələrə çevriləcək.

Zəbur 144:9-15
9. Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm,Səni ontelli çənglə tərənnüm edəcəyəm.
10. Sənsən padşahlara zəfər qazandıran,Qulun Davudu amansız qılıncdan qurtaran.
11. Məni yadellilərin əlindən xilas et,Sən məni azad et!Onların dili yalan danışar,Sağ əlləri yalandan and etmək üçün qalxar.
12. Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın,Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
13. Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın,Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
14. Naxırlarımız çoxlu balalar versin,Hasarlarımız dəlmə-deşiksiz olsun.İnsanlarımız əsir düşməsin,Meydanlarımız şivən səsinə bir daha bürünməsin.
15. Nə bəxtiyardır belə xeyir-dua alan xalq!Nə bəxtiyardır Allahı Rəbb olan xalq!

Süleymanın Məsəlləri 30:10-10
10. Qul barədə ağasına pis sözlər demə,Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.

Yəhyanın Vəhyi 9:1-21
1. Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi.
2. O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı.
3. Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi.
4. Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar.
5. Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir.
6. O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.
7. Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi.
8. Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi.
9. Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi.
10. Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər.
11. Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi.
12. Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.
13. Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim.
14. Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax».
15. Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün.
16. Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim.
17. Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı.
18. Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu.
19. Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.
20. Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.
21. Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.