A A A A A

Bir il Bibliya


Noyabr 7


Yezekel 5:1-17
1. Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır.
2. Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm.
3. Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan.
4. Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».
5. Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim.
6. Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər».
7. Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».
8. Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam.
9. Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm.
10. Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».
11. Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm.
12. Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.
13. Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim.
14. Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm.
15. Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim.
16. Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm.
17. Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».

Yezekel 6:1-14
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib
3. söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.
4. Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam.
5. İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm.
6. Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin.
7. Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
8. Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız olacaq.
9. Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər.
10. Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”.
11. Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar.
12. Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm.
13. Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
14. Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Zəbur 119:169-176
169. Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın,Mənə Öz sözünə görə ağıl ver.
170. Qoy yalvarışım hüzuruna çatsın,Məni Öz kəlamınla azad et.
171. Qoy dilimdən həmdlər tökülsün,Mənə qaydalarını öyrətmisən.
172. Sənin kəlamını dilim tərənnüm etsin,Çünki Sənin bütün əmrlərin ədalətlidir.
173. Sənin əlin mənə kömək etsin,Çünki Sənin qayda-qanunlarını seçdim.
174. Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm,Qanunundan zövq alıram.
175. Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum,Hökmlərin qoy mənə kömək olsun.
176. İtən quzu kimi azmışam, qulunu axtar,Çünki əmrlərini unutmamışam.

Süleymanın Məsəlləri 28:14-14
14. Həmişə Rəbdən qorxan bəxtiyardır,Ürəyi inadkar bəlaya düşər.

İbranilərə 3:1-19
1. Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.
2. İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.
3. Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.
4. Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.
5. Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.
6. Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.
7. Buna görə Müqəddəs Ruhun dediyi kimi:«Bu gün əgər Onun səsini eşitsəniz,
8. Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi,Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
9. Orada atalarınız Məni sınadılar,Qırx il əməllərimi görərək Məni yoxladılar.
10. Buna görə o nəsildən zəhləm getdi.Dedim: “Onlar həmişə ürəklərində azır,Yollarımı tanımırlar”.
11. Buna görə qəzəblənib and içmişəm:“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
12. Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.
13. Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.
14. Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.
15. Necə ki deyilmişdir:«Bu gün əgər Onun səsini eşitsəniz,Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».
16. Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?
17. Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?
18. Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?
19. Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.