A A A A A

Bir il Bibliya


Noyabr 5


Yezekel 1:1-28
1. Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm.
2. Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü
3. Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi.
4. Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi.
5. Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi.
6. Hər birinin dörd üzü və dörd qanadı var idi.
7. Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı.
8. Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi.
9. Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.
10. Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi.
11. Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü.
12. Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər.
13. Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı.
14. Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.
15. Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var.
16. Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi.
17. Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər.
18. Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi.
19. Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı.
20. Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
21. Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
22. Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı.
23. Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü.
24. Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi.
25. Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi.
26. Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
27. Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi.
28. Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi.Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.

Yezekel 2:1-10
1. O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam».
2. O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim.
3. O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir.
4. Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!”
5. İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
6. Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma.
7. Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.
8. Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye».
9. Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var.
10. O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.

Zəbur 119:153-160
153. Çəkdiyim əzabı gör, məni qurtar,Çünki qanununu unutmamışam.
154. Münaqişəmi həll edib Özün məni azad et,Mənə kəlamına görə həyat bəxş et.
155. Pislər qurtuluşdan uzaqdır,Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156. Ya Rəbb, mərhəmətin çoxdur,Hökmlərinə görə məni yaşat.
157. Düşmənlərim, məni təqib edənlər çoxdur,Lakin Sənin göstərişlərindən dönmədim.
158. Bu xainlərə ikrahla baxıram,Çünki Sənin vədinə bağlı qalmayıblar.
159. Sənin qayda-qanunlarını gör nə qədər sevirəm,Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160. Sözlərinin mahiyyəti həqiqətdir,Bütün ədalətli hökmlərin əbədidir.

Süleymanın Məsəlləri 28:12-12
12. Salehlərin zəfəri hamıya şərəf gətirər,Amma pislər hakim olsa, hamı gizlənər.

İbranilərə 1:1-14
1. Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.
2. Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.
3. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
4. Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.
5. Axı Allah mələklərin hansına nə vaxtsa«Sən Mənim Oğlumsan,Mən bu gün Sənə Ata oldum»yaxud«Mən Ona Ata, O isə Mənə Oğul olacaq»demişdir?
6. Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir:«Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7. Mələklər barəsində isə deyir:«Öz mələklərini küləklərə,Öz xidmətçilərini yanar oda döndərir!»
8. Amma Oğul haqqında bunu deyir:«Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,Sənin şahlıq əsan insaf əsasıdır.
9. Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.Ona görə Allah, Sənin AllahınSevinc yağı iləYoldaşlarından çox Səni məsh edib».
10. Yenə deyir:«Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,Göylər Sənin əllərinin işidir!
11. Onlar yox olacaq, amma Sən qalacaqsan,Hamısı paltar kimi köhnələcək,
12. Onları geyim kimi bükəcəksən,Onları paltar kimi dəyişdirəcəksən.Amma Sən dəyişməzsən,İllərin tükənməzdir».
13. Lakin Allah mələklərin hansına nə vaxtsa«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadəkSağımda otur»demişdir?
14. Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?