A A A A A

Bir il Bibliya


Noyabr 16


Yezekel 23:1-49
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi.
3. Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.
4. Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır.
5. Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.
6. Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.
7. Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.
8. Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər.
9. Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim.
10. Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11. Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi.
12. O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.
13. Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14. Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15. bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi.
16. Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.
17. Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.
18. O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi.
19. Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.
20. Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21. Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.
22. Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm.
23. Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.
24. Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək.
25. Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.
26. Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.
27. Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.
28. Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm.
29. Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin
30. bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.
31. Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”.
32. Xudavənd Rəbb belə deyir:“Sən bacının kasasından içəcəksən.O dərin və genişdir.Sənə gülüb istehza edəcəklər,Çünki dopdolu bir kasadır.
33. Sərxoşluq və kədərlə dolacaqsan.Bacın Samariyanın kasasıDəhşət və viranəlik kasasıdır.
34. Bu kasadan içəcəksən,Onu boşaldacaqsan,Parçalarını gəmirəcəksən,Köksünü yırtacaqsan”.Çünki bunu Mən söylədim,Xudavənd Rəbb belə bəyan edir.
35. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”».
36. Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.
37. Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər.
38. Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar.
39. Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər.
40. Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək taxdın.
41. Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun.
42. Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.
43. Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”.
44. Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər.
45. Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb.
46. Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları dəhşətə, talana düçar et.
47. Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar.
48. Ölkədə olan pozğunluğa son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək.
49. Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».

Yezekel 24:1-27
1. Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı.
3. Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir:“Qazanı oda qoy, oda qoy,İçinə su doldur.
4. Ətin parçalarını, ən yaxşı parçalarını,Budu və döşü oraya yığ.Onu seçilmiş sümüklərlə doldur.
5. Sürüdən ən yaxşı heyvanları götür,Qazanın altına isə odunyığ.Qoy içindəki su qaynasın ki,Qazandakı sümükləri də bişsin”.
6. Buna görə də Xudavənd Rəbb belə deyir:“Qan tökən şəhərin vay halına!Ora pas tutmuşdur,Öz pasından təmizlənməmiş qazana bənzəyir.Püşk atmadan əti parça-parça qazandan çıxarın.
7. Çünki onun tökdüyü qan hələ içindədir.Qanı tozla örtmək üçün hətta yerə də tökmədi,Düz çılpaq qayanın üstünə axıtdı.
8. Mən də qəzəbi alovlandıraraqQisas alınsın deyəOnun qanını çılpaq bir qayanınÜstünə tökdüm ki, örtülməsin”.
9. Buna görə də Xudavənd Rəbb belə deyir:“Qan tökən şəhərin vay halına!Mən də odun qalağını böyüdəcəyəm.
10. Odunları yığ, odu alovlandır,Əti yaxşı bişir,Ədviyyatını qat,Sümüklər də yansın.
11. Onun közləri üstünəQazanı boş qoy ki, qızsın,Misi yansın,İçindəki murdarlığı getsin,Pası ərisin.
12. Bütün zəhmət hədər getdi,Qalın pası ərimək bilmir,Pası odla da çıxmır.
13. Etdiyin pozğunluq səni murdarladı,Səni təmizləmək istədim,Amma sən təmizlənmək istəmədin.Sənə qarşı qəzəbim yatana qədərÖz murdarlığından təmizlənməyəcəksən.
14. Mən Rəbb bunu söylədim,Vaxt çatdı ki, yerinə yetirim.Çəkinməyəcəyəm, acımayacağam,Peşman olmayacağam.Adətlərinə və əməllərinə görə cəzalanacaqsan”Xudavənd Rəbb belə deyir».
15. Mənə Rəbbin bu sözü nazil oldu:
16. «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə.
17. İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanlarınçörəyini yemə».
18. Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim.
19. Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?»
20. Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu:
21. İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.
22. Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz.
23. Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz.
24. Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.
25. Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt –
26. o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək.
27. O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».

Zəbur 127:1-5
1. Evi Rəbb tikməzsə,Bənnaların zəhməti boşa gedər.Şəhəri Rəbb qorumazsa,Keşikçilər boş yerə orada gözlər.
2. Erkən qalxıb gec yatmağınız,Azuqə üçün özünüzü çox yormağınız faydasızdır.Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
3. Övladlar Rəbbin verdiyi paydır,Bətnin bəhrəsi Onun mükafatıdır.
4. İnsanın gənc ikən övladları olarsa,Bir igidin əlindəki oxlara bənzər.
5. Oxdanı bu cür dolu olan nə bəxtiyardır!Darvazada əleyhdarları ilə çəkişən zamanXəcalətli olmayacaq.

Süleymanın Məsəlləri 28:24-24
24. Ata-anasını soyub «günah deyildir» deyənQırıcı insana yoldaşdır.

İbranilərə 11:1-16
1. İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır.
2. Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
3. İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.
4. İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
5. Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb.
6. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
7. Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.
8. İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.
9. İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı.
10. Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi.
11. Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı.
12. Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.
13. Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər.
14. Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər.
15. Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı.
16. Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.