A A A A A

Bir il Bibliya


Oktyabr 7


Yeşaya 65:1-25
1. «Məni soruşmayanlara Mən zühur etdim,Məni axtarmayanlar tərəfindən tapıldım.Adımı çağırmayan millətə dedim:“Buradayam! Buradayam!”
2. Pis yolla gedən,Öz düşüncələri ilə hərəkət edənDikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.
3. O xalq ki bağlarda qurban kəsərək,Kərpiclərin üstündə buxur yandırıbGözüm önündə daima Məni təhqir edir,
4. Qəbiristanlıqda oturubGizli yerlərdə gecələyir,Donuz əti yeyir,Qablarında haram ət qaynadır.
5. Onlar bir-birinə deyir: “Uzaq dur,Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”.Belələri burnuma tüstü,Bütün gün yanan alovdur.
6. Budur, qarşımda bunlar yazılıb:Mən susmayacağam,Ancaq onların əvəzini verəcəyəm,Əməllərini başlarına çevirəcəyəm.
7. Onların da, atalarının da qəbahətlərinin cəzasınıOnlara çəkdirəcəyəm».Rəbb deyir.«Dağların başında buxur yandırdıqlarına görə,Təpələrin başında Mənə küfr etdiklərinə görəMən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».
8. Rəbb deyir:«Üzüm salxımında şirə tapıldığına görə deyirlər:“Salxımı xarab etməyin, içində bərəkət var”.Mən də qullarımın xatirinə belə edərəm ki,Onların hamısı məhv olmasın.
9. Yaqubdan törəyənlərin sayını artıracağam,Yəhuda nəslindən dağlarıma varis çıxacaq,Seçilmiş xalqım oranı irs alacaq.Mənim qullarım orada məskunlaşacaq.
10. Məni axtaran xalqım üçünŞaron sürülərin otlağı,Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.
11. Lakin sizlər – Rəbbi tərk edənlər,Müqəddəs dağımı unudanlar,Tale allahına süfrə açanlar,Qismət allahına camlarda şərab təqdim edənlər,
12. Mən də sizi qılınca qismət edəcəyəm,Hamınız qırılmaq üçün diz çökəcəksiniz.Çünki Mən çağıranda sizdən cavab almadım,Danışanda qulaq asmadınız.Gözümdə pis olanı etdiniz,Mənə məqbul olmayanı seçdiniz».
13. Buna görə də Xudavənd Rəbb belə deyir:«Qullarım yeyəcək, sizsə ac qalacaqsınız,Qullarım içəcək, sizsə susayacaqsınız,Qullarım sevinəcək, sizsə utanacaqsınız.
14. Qullarım şadlanıb mədhiyyələr söyləyəcək,Sizsə ürək ağrısından qışqıracaqsınız,Kədərli ruhla fəryad edəcəksiniz.
15. Sizin adınız seçilmiş xalqımınAğzında ancaq lənət kimi qalacaq.Xudavənd Rəbb sizi öldürəcək,Öz qullarına isə başqa ad verəcək.
16. Ölkədə kim xeyir-dua istəsə,Sadiq Allahdan diləyəcək.Ölkədə kim and içsə,Sadiq Allahın adı ilə and içəcək.Çünki keçmiş əziyyətlər unudulubGözümün önündən yox olacaq.
17. Budur, Mən yeni göylər və yeni yer yaradıram.Əvvəlki işlər bir daha xatırlanmayacaq,Heç yada düşməyəcək.
18. Yaratdığımla əbədilik sevinin, şadlanın.Çünki sevinc üçün yeni Yerusəlimi,Sakinlərini xoşbəxtlik üçün yaradacağam.
19. Mən Yerusəlim üçün sevinəcəyəm,Xalqım üçün şadlanacağam.Orada nə ağlaşma, nə fəryad səsiBir daha eşidilməyəcək.
20. Uşaqlar artıq körpə çağlarında ölməyəcək,Uzun ömür sürməyən qoca olmayacaq,Yüz yaşında ölənlər cavan sayılacaq,Yüz yaşına çatmayanlar lənətli sayılacaq.
21. Onlar evlər tikib orada məskunlaşacaq,Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.
22. Tikdikləri evdə özgələr yaşamayacaq,Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək.Çünki xalqım ağaclar tək uzun ömür sürəcək,Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.
23. Onlar boş yerə əlləşməyəcək,Övladları bəlalarla üzləşməyəcək.Çünki özləri də, övladları da,Rəbbin xeyir-dualı nəsli olacaq.
24. Onlar Məni çağırmamışdanMən onlara cavab verəcəyəm,Onlar hələ danışarkən Mən eşidəcəyəm.
25. Qurdla quzu bir yerdə otlayacaq,Şir buğa tək saman yeyəcək,İlanın yediyi torpaq olacaq.Müqəddəs dağımın heç bir yerindəHeç kimə zərər dəyməyəcək,Heç bir kəs o birisini məhv etməyəcək».Rəbb belə deyir.

Yeşaya 66:1-24
1. Rəbb belə deyir:«Göylər Mənim taxtımdır,Yer ayaqlarımın altındakı kətildir.Mənim üçün harada ev tikəcəksiniz,Dincələcəyim yer harada olacaq?
2. Çünki bütün bunları Mənim əlim yaratdı,Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir.«Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana,Sözümün önündə titrəyənə nəzər salaram.
3. Buğa kəsən şəxs adam öldürən kimidir,Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir,Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir,Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir.Onlar öz yolları ilə gedir,İyrənc işlərindən həzz alır.
4. Mən də onları çətinliyə düçar edəcəyəm,Qorxduqları bəlanı başlarına gətirəcəyəm.Çünki Mən çağıranda onlardan cavab almadım,Danışanda qulaq asmadılar,Gözümdə pis olanı etdilər,Mənə məqbul olmayanı seçdilər».
5. Ey Rəbbin sözü önündə titrəyənlər,Onun dediklərini eşidin:«Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız“Qoy Rəbb izzətini göstərsin,Biz də görək, necə sevinərsiniz” deyirdilər.Amma onlar rüsvay olacaq.
6. Şəhərdən nərələr,Məbəddən bir səs eşidilir!Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.
7. Bir qadın ağrı çəkmədən,Sancısı tutmadan bir oğlan uşağı doğdu.
8. Belə bir şey eşidən olubmu?Belə şeyləri kim görüb?Bir gündə ölkə yarana bilərmi?Bir anda millət doğula bilərmi?Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
9. Mən doğuş anınadək gətiribDoğmağa güc vermərəmmi?» deyir Rəbb.«Doğuş üçün güc verən MənBətni bağlayarammı?» deyir Allahın.
10. «Yerusəlimlə birgə sevinin,Ey onu sevənlər, hamınız onun üçün şadlanın.Ey Yerusəlim üçün yas tutanlar,Onunla birgə cuşa gəlin, fərəhlənin!
11. Siz ananız Yerusəlimin döşlərini əmibTəsəlli tapacaqsınız, doyacaqsınız,Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».
12. Rəbb belə deyir:«Budur, Mən əmin-amanlığı bir çay tək,Millətlərin sərvətini daşqın sel kimiOna sarı axıdacağam.Siz ondan bəslənəcəksiniz,Qucağında daşınacaqsınız,Dizlərində oxşanacaqsınız.
13. Övladına təsəlli verən bir ana təkMən sizə təsəlli verəcəyəm.Yerusəlimdə təsəlli tapacaqsınız.
14. Bunları görüb ürəyiniz sevinəcək;Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək.Hər kəs biləcək ki,Rəbbin qoruyucu əli qullarının,Qəzəbi isə düşmənlərinin üstündədir».
15. Budur, Rəbb odla gəlir,Onun döyüş arabaları qasırğa tək gəlir.Şiddətli qəzəbini, məzəmmətiniAlov kimi tökməyə hazırdır.
16. Rəbb bütün bəşəri odla,Qılıncı ilə mühakimə edəcək,Çoxlarını məhv edəcək.
17. «Bağlara girmək üçünÖzlərini təqdis edib pak edənlər,Mərkəzdə duranın ardınca gedərəkDonuz, siçan və digər murdar heyvanlarınƏtini yeyənlərin hamısı məhv olacaq»Rəbb bəyan edir.
18. «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək.
19. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.
20. İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.
21. Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
22. «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa,Nəsliniz və adınız da elə qalacaq»Rəbb bəyan edir.
23. «Hər Təzə Ay mərasimində, hər Şənbə günündəBütün bəşər gəlib qarşımda səcdə edəcək».Rəbb deyir.
24. «Onlar eşiyə çıxandaMənə qarşı üsyankar olanların meyitlərini görəcək.Meyitləri yeyən qurd ölməyəcək,Onları yandıran alov sönməyəcək.Bütün bəşər onlardan iyrənəcək».

Zəbur 116:1-4
1. Rəbbi sevirəm,Çünki O, yalvarışımı eşidir.
2. Səsimə qulaq asdığı üçünNə qədər varam, Onu çağıracağam.
3. Ətrafıma ölüm bağları sarıldı,Ölülər diyarının sıxıntıları məni haqladı,Dərd-bəlalar məni tapdı.
4. O zaman Rəbbin adını çağırdım:«Ya Rəbb, amandır, canımı qurtar!»

Süleymanın Məsəlləri 26:28-28
28. Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər,Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.

Filipililərə 2:1-30
1. Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa,
2. həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin.
3. Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın
4. və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
5. Məsih İsa necə düşündü, siz də elə düşünün.
6. Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı.
7. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
8. Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.
9. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki,
10. göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün
11. və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
12. Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin.
13. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
14. Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki,
15. nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
16. Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim.
17. Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm.
18. Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
19. Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var.
20. Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur.
21. Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür.
22. Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz.
23. Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm.
24. Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
25. Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim.
26. Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi.
27. O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi.
28. Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin.
29. Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin.
30. Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.