A A A A A

Bir il Bibliya


Oktyabr 26


Yeremya 37:1-21
1. Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu.
2. Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı.
3. Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et».
4. O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar.
5. Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi.
6. O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu:
7. «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq.
8. Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”.
9. Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək.
10. Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq».
11. Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman
12. Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi.
13. Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu.
14. Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi.
15. Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər.
16. Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı.
17. O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən».
18. Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız?
19. “Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır?
20. Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim».
21. Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı.

Yeremya 38:1-28
1. Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi:
2. «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”.
3. Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”».
4. Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».
5. Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz».
6. O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.
7. Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu.
8. Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:
9. «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı».
10. Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».
11. Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar.
12. Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi.
13. Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.
14. Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə».
15. Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan».
16. Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».
17. Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.
18. Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».
19. Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».
20. Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar.
21. Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir:
22. Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək:“Güvəndiyin adamlar səni aldadıbMəğlubiyyətə düçar etdi.Ayaqların palçığa batandaOnlar səni qoyub qaçdı”.
23. Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».
24. Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən.
25. Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə,
26. onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».
27. Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi.
28. Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.

Zəbur 119:73-80
73. Əllərinlə yaranmışam, mənə surət vermisən,Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74. Səndən qorxanlar məni görərkən sevinsinlər,Çünki Sənin sözünə ümid bağlamışam.
75. Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir,Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76. Quluna verdiyin kəlama görəMəhəbbətin mənə təsəlli versin.
77. Mənə mərhəmət et ki, yaşayım,Çünki qanunundan zövq alıram.
78. Mənim barəmdə yalan danışan lovğaları utandır,Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79. Səndən qorxanlar yanıma gəlsin,Onlar Sənin göstərişlərini bilənlərdir.
80. Qaydalarına görə mənim qəlbim kamil olsun,Qoy heç zaman xəcalət çəkməyim!

Süleymanın Məsəlləri 27:23-27
23. Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24. Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25. Saman yığılandan sonra təzə ot bitəndə,Dağlarda ot biçiləndə
26. Quzuların səni geyindirər,Təkələrini satıb tarla ala bilərsən.
27. Keçilər sənə yemək üçün o qədər süd verər ki,Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.

1 Timofeyə 5:1-25
1. Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi,
2. ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.
3. Həqiqi dul qadınlara hörmət et.
4. Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır.
5. Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir.
6. Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür.
7. Nöqsansız olmaqları üçün bu əmrləri tapşır.
8. Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir.
9. Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş,
10. etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır.
11. Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər.
12. Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar.
13. Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar.
14. Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm.
15. Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir.
16. İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin.
17. Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün.
18. Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir».
19. İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə.
20. Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun.
21. Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən.
22. Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla.
23. Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.
24. Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar.
25. Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.