A A A A A

Bir il Bibliya


Oktyabr 25


Yeremya 35:1-19
1. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu:
2. «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver».
3. Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb
4. Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi.
5. Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim.
6. Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin!
7. Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”.
8. Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik.
9. İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq.
10. Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik.
11. Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».
12. Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:
13. «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.
14. “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız.
15. Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız.
16. Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”.
17. Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».
18. Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”.
19. Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».

Yeremya 36:1-32
1. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu:
2. «Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz.
3. Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram».
4. O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı.
5. Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm.
6. Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu.
7. Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür».
8. Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.
9. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi.
10. Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.
11. Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi
12. aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları.
13. Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.
14. Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi.
15. Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu.
16. Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik».
17. Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?»
18. Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım».
19. Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».
20. Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar.
21. Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu.
22. Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı.
23. Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı.
24. Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar.
25. Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı.
26. Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.
27. Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu:
28. «Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz.
29. Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?”
30. Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq.
31. Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».
32. Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.

Zəbur 119:65-72
65. Ya Rəbb, verdiyin sözə görəQuluna xeyirxahlıq etmisən.
66. Mənə ağıl, bilik öyrət,Çünki əmrlərinə inanıram.
67. Əzaba düşməzdən əvvəl yoldan azırdım,Amma indi mən kəlamına bağlıyam.
68. Nə qədər yaxşısan, xeyirxahlıq edirsən!Mənə qaydalarını öyrət.
69. Lovğalar yalanları ilə mənə qara yaxırlar,Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
70. Onların ürəkləri piylənərək daş bağlayıb,Mənsə qanunundan zövq alıram.
71. Çəkdiyim əzabın xeyri mənə bu olub:Sənin qaydalarını öyrənirəm.
72. Ağzından çıxan qanun mənim üçünMinlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

Süleymanın Məsəlləri 27:22-22
22. Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar,Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.

1 Timofeyə 4:1-16
1. Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.
2. Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir.
3. Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb.
4. Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.
5. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
6. Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan.
7. Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.
8. Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.
9. Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür.
10. Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.
11. Bunları buyur və öyrət.
12. Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.
13. Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.
14. Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.
15. Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.
16. Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.