A A A A A

Bir il Bibliya


Oktyabr 24


Yeremya 33:1-26
1. Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu.
2. O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir:
3. “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.
4. Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir:
5. “Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim.
6. Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.
7. Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm.
8. Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam.
9. Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.
10. Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində
11. sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək:‹Ordular Rəbbinə şükür edin,Çünki O, xeyirxahdır,Məhəbbəti əbədidir›.Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.
12. Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq.
13. Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.
14. Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.
15. O zaman, o günlərDavud üçün saleh bir Pöhrə yetişdirəcəyəm.O, ölkədə ədalət və salehliklə davranacaq.
16. O günlər Yəhuda xilas olacaq,Yerusəlim əmin-amanlıqda yaşayacaq.O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.
17. Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq.
18. Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”».
19. Yeremyaya Rəbbin bu sözü nazil oldu:
20. «Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz,
21. eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz.
22. Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”».
23. Yeremyaya Rəbbin bu sözü nazil oldu:
24. «Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar.
25. Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum,
26. eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».

Yeremya 34:1-22
1. Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu:
2. «İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq.
3. Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”.
4. Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən,
5. əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”».
6. Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi.
7. Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.
8. Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu.
9. Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi.
10. Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər.
11. Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər.
12. Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu:
13. «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim:
14. ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı.
15. İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız.
16. Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.
17. Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam.
18. Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm.
19. Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını
20. öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq.
21. Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”.
22. Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».

Zəbur 119:57-64
57. Ya Rəbb, mənim nəsibimsən,Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58. Bütün qəlbimlə Sənə yalvarıram,Sən Öz kəlamına görə mənə lütf göstər.
59. Tutduğum yollara nəzər salmışam,Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60. Əmrlərinə bağlanmaq üçün tələsirəm,Bunun üçün ləngimirəm.
61. Pis adamlar mənə kəmənd atarkənQanununu unutmadım.
62. Adil hökmlərinə görə Sənə şükür etmək üçünGecə yarısı qalxıram.
63. Səndən qorxanların hamısı ilə,Qayda-qanunlarına bağlı qalanlarla dostam.
64. Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb,Mənə qaydalarını öyrət.

Süleymanın Məsəlləri 27:21-21
21. İsti kürədə qızıl-gümüş yoxlanar,İnsan da başqalarının tərifi ilə tanınar.

1 Timofeyə 3:1-16
1. Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir.
2. Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır.
3. Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır.
4. Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır.
5. Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər?
6. Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər.
7. Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.
8. Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır.
9. İman sirrini təmiz vicdanla saxlamalıdırlar.
10. Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər.
11. Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar.
12. Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər.
13. Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.
14. Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki,
15. əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir.
16. Şübhəsiz ki, möminliyin sirri böyükdür:O, cismən zühur etdi,Ruh tərəfindən təsdiq olundu,Mələklərə göründü,Millətlərə vəz olundu,Dünyada Ona iman edildi,İzzətlə göyə çəkildi.