A A A A A

Bíblia em um ano


Outubro 22


Yeremya 29:1-29
1. Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir.
2. Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi.
3. Onu Yəhuda padşahı Sidqiyanın Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqiya oğlu Gemarya apardı. Belə dedi:
4. «Mən İsrailin Allahı olan Ordular Rəbbi Yerusəlimdən Babilə sürgün etdiyim adamlara belə söyləyirəm:
5. “Evlər tikib yaşayın, bağçalar salıb meyvələrini yeyin.
6. Arvad alıb oğul-qız atası olun. Oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun. Orada azalmayıb çoxalın.
7. Sizi sürgün etdiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua edin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız”.
8. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin.
9. Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir.
10. Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm.
11. Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
12. Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm.
13. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.
14. Məni tapmağınıza izin verəcəyəm” Rəbb belə bəyan edir. “Sizi sürgündən geri qaytaracağam, sürgün etdiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam” Rəbb belə bəyan edir.
15. Siz belə dediniz: “Rəbb bizə Babildə peyğəmbərlər verib”.
16. Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizinlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir.
17. Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm.
18. Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”.
19. Rəbb bəyan edir: “Ona görə ki sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız” Rəbb belə bəyan edir.
20. Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin.
21. Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək.
22. Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək.
23. Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir».
24. Nexelamlı Şemaya barədə söylə ki,
25. İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin:
26. “Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan.
27. Bəs nə üçün sizə özünü peyğəmbər elan edən Anatotlu Yeremyanı məzəmmət etmirsən?
28. Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yeyin”».
29. Kahin Sefanya bu məktubu Yeremya peyğəmbərə uca səslə oxudu.

Yeremya 30:1-24
1. Yeremyaya Rəbdən bu söz nazil oldu:
2. «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”.
3. Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür.
4. İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır.
5. Rəbb belə deyir:“Qorxu səsi eşitdik,Asayiş deyil, dəhşət səsi.
6. İndi soruşun, bilin ki,Kişi də uşaq doğarmı?Elə isə nə üçün doğan qadın kimiHər kişinin əllərini belində görürəm?Nə üçün hamının bənizi solub?
7. Ah, bu nə dəhşətli gündür!Bir daha belə gün olmayacaq,Yaqub nəsli üçün sıxıntı dövrü olacaq,Ancaq yenə də bundan qurtulacaq”.
8. Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək.
9. Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”.
10. Rəbb bəyan edir:“Qorxma, ey qulum Yaqub,Dəhşətə düşmə, ey İsrail.Çünki səni uzaq yerlərdən,Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.Yaqub nəsli yenə geri qayıdacaq,Rahatlıq tapıb qayğısız olacaq,Onu kimsə qorxutmayacaq.
11. Çünki Mən səninləyəm,Səni qurtaracağam”Rəbb belə bəyan edir.“Səni aralarına apardığımMillətlərin hamısını yox etsəm də,Səni tamamilə məhv etməyəcəyəm,Səni ədalətlə tərbiyələndirəcəyəm,Amma cəzasız da qoymayacağam”.
12. Çünki Rəbb belə deyir:“Sənin yaran şəfa tapmaz,Xoran sağalmaz.
13. Məhkəmədə işinə baxan yoxdur,Xəstəliyinə dərman yoxdur,Sənin dərdinə əlac yoxdur.
14. Bütün müttəfiqlərin səni unutdu,Səni arayıb-axtarmırlar.Düşmən vuran kimi Mən səni vurdum.Rəhmsizcəsinə cəzalandırdım.Çünki təqsirkarlığın böyükdür,Günahların çoxdur.
15. Niyə yarandan ötrü qışqırırsan?Dərdin şəfa tapmaz.Bu işləri ona görə sənə etdim ki,Təqsirkarlığın böyükdür,Günahların çoxdur.
16. Ancaq səni yeyənlərin də hamısı yem olacaq.Bütün düşmənlərin sürgünə gedəcək.Səni soyanlar soyulacaq,Səni qarət edənlər qarət olunacaq”.
17. Rəbb bəyan edir:“Mən səni yenə sağaldacağam,Yaralarına şəfa verəcəyəm.Çünki deyirlər ki,Sion rədd edilib,Onu axtaran yoxdur”.
18. Rəbb belə deyir:“Mən Yaqubun çadırlarınıSürgündən geri qaytaracağam.Onun məskənlərinə rəhm edəcəyəm.Şəhər yenidən viranələri üzərində tikiləcək,Saray öz yerində bərpa olunacaq.
19. Onların arasındanŞükür və şənlik səsləri eşidiləcək.Mən onları çoxaldacağam, azalmayacaqlar,İzzətləndirəcəyəm, alçalmayacaqlar.
20. Övladları əvvəlki kimi olacaq,İcması önümdə möhkəm duracaq.Onları sıxışdıranların hamısını cəzalandıracağam.
21. Rəhbərləri özlərindən olacaq,Başçıları aralarından çıxacaq.Onu Özümə yaxınlaşdıracağam,O da Mənə yaxınlaşacaq.Başqa cür kim Mənə özü yaxınlaşmağaCürət edə bilər?”Rəbb belə bəyan edir.
22. “Beləcə siz Mənim xalqım,Mən də sizin Allahınız olacağam”».
23. Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,Şiddətli qasırğasıPis adamların başında çatlayacaq.
24. Rəbb Öz ürəyinin istədiyiniTamamilə edənə qədərQızğın qəzəbini söndürməyəcək.Siz gələcəkdə bunu anlayacaqsınız.

Zəbur 119:41-48
41. Ya Rəbb, mənə məhəbbətini göstər,Kəlamına görə məni qurtar!
42. Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm,Çünki Sənin sözlərinə güvənirəm.
43. Qoy həqiqət kəlamı dilimdən düşməsin,Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44. Daim, əbədi olaraqQanununa bağlı qalacağam.
45. Azad gəzib-dolaşacağam,Çünki qayda-qanunlarını axtarmışam.
46. Padşahların hüzurunda göstərişlərindən danışacağam,Bundan utanmayacağam.
47. Sənin əmrlərindən zövq alıram,Onları sevirəm.
48. Sevdiyim əmrlərinə tərəf əl açacağam,Sənin qaydalarını dərindən düşünəcəyəm.

Süleymanın Məsəlləri 27:19-19
19. Sifətin əksi suyun üzünə düşdüyü kimiİnsanın ürəyi də onu elə göstərər.

1 Timofeyə 1:1-20
1. Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan
2. imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
3. Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar,
4. əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.
5. Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.
6. Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar.
7. Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.
8. Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır.
9. Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər,
10. əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur.
11. Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.
12. Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi.
13. Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.
14. Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.
15. Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm.
16. Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum.
17. Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.
18. Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan,
19. imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar.
20. Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.