A A A A A

Bir il Bibliya


Yanvar 6


Yaradılış 11:1-32
1. Bütün dünyada bir dil və bir danışıq var idi.
2. İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar.
3. Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər.
4. Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq».
5. Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi.
6. Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq.
7. Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər».
8. Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı.
9. Buna görə də o yerin adına Babildedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
10. Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu.
11. Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
12. Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu.
13. Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
14. Şelah otuz yaşında olanda oğlu Ever doğuldu.
15. Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
16. Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu.
17. Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
18. Peleq otuz yaşında olanda oğlu Reu doğuldu.
19. Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
20. Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu.
21. Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
22. Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu.
23. Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
24. Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu.
25. Terah doğulandan sonra Naxor yüz on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
26. Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu.
27. Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi.
28. Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü.
29. İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi.
30. Saray sonsuz idi, onun uşağı olmurdu.
31. Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar.
32. Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.

Yaradılış 12:1-20
1. Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.
2. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
3. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
4. İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
5. İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
6. İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı.
7. Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
8. Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı.
9. İbram tədricən cənuba doğru hərəkət edirdi.
10. Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü.
11. O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.
12. Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar.
13. Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
14. İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.
15. Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.
16. Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.
17. Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
18. Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin?
19. Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».
20. Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.

Zəbur 4:1-3
1. Səni çağıranda mənə cavab ver,Ey adil Allahım!Dara düşən zaman məni genişə çıxar,Mənə lütf edib duama qulaq as!
2. Ey insan övladları, nə vaxtadəkŞərəfimi rüsvayçılığa çevirəcəksiniz?Nə vaxtadək boş şeylərə meyl göstəribYalan axtaracaqsınız?
3. Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;Nə vaxt Rəbbi çağırsam, məni eşidir.

Süleymanın Məsəlləri 1:28-33
28. O vaxt məni çağıranlara cavab verməyəcəyəm,Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
29. Çünki onlar biliyə nifrət etdilər,Rəbdən qorxmaq istəmədilər,
30. Nəsihətimi istəmədilər,Hər məzəmmətimi rədd etdilər.
31. Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər,Öz nəsihətləri ilə doyacaqlar.
32. Cahili özbaşınalığı öldürəcək,Axmağı laqeydliyi məhv edəcək.
33. Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq,Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».

Matta 5:27-48
27. “Zina etmə” deyildiyini eşitmisiniz.
28. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.
29. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.
30. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
31. “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.
32. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
33. Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz.
34. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır;
35. nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir.
36. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən.
37. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
38. “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.
39. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
40. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.
41. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.
42. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43. “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.
44. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
45. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
46. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi?
47. Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?
48. Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.