A A A A A

Bir il Bibliya


Yanvar 31


Çıkış 11:1-10
1. Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq.
2. Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin».
3. Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi.
4. Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm;
5. Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək.
6. Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq.
7. Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”.
8. Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı.
9. Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq».
10. Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı.

Çıkış 12:1-51
1. Misir torpağında Rəbb Musaya və Haruna dedi:
2. «Bu ay sizin üçün ilin ilk ayı olacaq.
3. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün.
4. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün.
5. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun.
6. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin.
7. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər.
8. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər.
9. Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin.
10. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın.
11. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır.
12. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm.
13. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.
14. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.
15. Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir.
16. Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin.
17. Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin.
18. Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin.
19. Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir.
20. Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin».
21. Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin.
22. Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın.
23. Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq.
24. Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin.
25. Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz.
26. Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman
27. onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi.
28. Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər.
29. Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü.
30. O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın.
31. Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin.
32. Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin».
33. Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik».
34. Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı.
35. İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər.
36. Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular.
37. İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi.
38. Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı.
39. Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər.
40. İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu.
41. Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı.
42. Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.
43. Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin;
44. ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər.
45. Qonaq və muzdlu işçi ondan yeməməlidir.
46. Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın.
47. Bütün İsrail icması bu yeməyi yesin.
48. Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin.
49. Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir».
50. İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər.
51. Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı.

Zəbur 18:1-12
1. O belə oxudu:Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
2. Rəbb qayam, qalam, xilaskarımdır,Allahım qayamdır, Ona pənah gətirəcəyəm,Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
3. Həmdə layiq Rəbbi çağıracağam,Düşmənlərimin əlindən qurtulacağam.
4. Ətrafımı ölüm ipləri bürümüşdü,Məni əcəl selləri ürkütmüşdü.
5. Ölülər diyarının ipləri mənə sarılmışdı,Ölüm kəməndləri məni qarşılamışdı.
6. Əzab içində Rəbbə yalvardım,Allahıma fəryad qopardım.O, məbədindən səsimi eşitdi,Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
7. O zaman yer üzü sarsılıb titrədi,Dağların təməlləri lərzəyə gəldi,Onlar sarsıldı,Çünki O qəzəbləndi.
8. Burnundan tüstü çıxıb yüksəldi,Ağzından yandırıb-yaxan alov püskürdü,Bundan közlər tutuşdu.
9. O, göyləri yarıb yerədək endi,Qatı zülmət ayaqları altında idi.
10. Bir keruva minib uçdu,Yel qanadları üstə şığıdı.
11. Gizlənmək üçün ətrafını zülmətə bürüdü,Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12. Hüzurundan şəfəq saçdı,Odlu közlər və dolu buludları yardı.

Süleymanın Məsəlləri 6:1-5
1. Oğlum, qonşuna zamin durub,Yadlarla əlbir olub,
2. Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə,Ağzından çıxan sözlərlə ələ keçmisənsə,
3. Demək bu qonşunun əlinə düşmüsən.Oğlum, çalış, özünü qurtar:Get onun ayağına düş, yalvar-yaxar.
4. Qoy gözünə yuxu getməsin,Kirpiklərin ağırlaşmasın.
5. Özünü ovçunun əlindən ceyran kimi,Quşbazın əlindən quş kimi qurtar.

Matta 20:17-34
17. İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:
18. «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;
19. ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
20. O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.
21. İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».
22. Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».
23. İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
24. Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.
25. İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
26. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
27. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.
28. Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
29. İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.
30. Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.
31. Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.
32. İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
33. Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».
34. İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.