A A A A A

Bir il Bibliya


Yanvar 25


Yaradılış 49:1-33
1. Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:
2. Ey Yaqub oğulları, yığılıb eşidin,Atanız İsrailə qulaq asın:
3. Ey Ruven, ilk oğlum,Sən mənim gücümsən, qüdrətimin başlanğıcısan.Ləyaqətin hamıdan üstündür,Qüvvətin hamıdan çoxdur.
4. Amma sən su kimi oynaqsan,Artıq üstün olmayacaqsan.Çünki atanın yatağına giribOnu murdar etdin –Bax o, döşəyimə çıxdı.
5. Şimeonla Levi qardaşdır,Qəddarlıq qılıncları ilə silahlanıblar.
6. Ey qəlbim, onların məclisinə getmə,Ey şərəfim, onların toplantısında olma.Çünki onlar qəzəblənəndə qətl etdilər,Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.
7. Lənət olsun vəhşi qəzəblərinə,Lənət olsun qəddar hiddətlərinə.Onları Yaqubda böləcəyəm,İsraildə səpələyəcəyəm.
8. Yəhuda, qardaşların səni mədh edəcək,Düşmənlərin boynu əlində olacaq,Atanın oğulları önündə səcdə edəcək.
9. Yəhuda bir aslan balasıdır,Ey oğlum, sən şikara çıxandaBir şir kimi yerə əyilirsən,Dişi aslan kimi torpağa yatırsan.Kim səni yerindən qaldıra bilər?
10. Padşahlıq əsasıYəhudanın əlindən getməyəcək,Hökmdarlıq əsası onun nəslindən itməyəcək;O vaxta qədər ki əsanın Sahibigələcək.Onda xalqlar Ona itaət edəcək.
11. Eşşəyini tənəyə,Ulağını ən seçmə bir tənəyə bağlayacaq.Paltarını şərabda,Köynəyini üzümün qanında yuyacaq.
12. Gözləri şərabdan da parlaq olacaq,Dişləri süddən də ağ olacaq.
13. Zevulun isə dəniz kənarında yaşayacaq,Ora gəmilərin limanı olacaq,Ərazisi Sidonun yanınadək uzanacaq.
14. Qoyun ağılları arasında uzanan İssakarBir qüvvətli ulağa oxşar.
15. O, yaxşı və rahat olan yer,Bir səfalı ölkə görsə,Çiynini yük daşımaq üçün əyər,Mükəlləfiyyətçi qul olar.
16. Dan İsrail qəbilələrindən biri olubÖz xalqına hökm edəcək.
17. Dan yol üstündə bir ilan,Cığırda bir gürzə olacaq;Elə bir gürzə ki atın topuğundan sancır,Süvarisi arxası üstə yıxılır.
18. Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.
19. Qad talançı basqınına düçar olacaq,Lakin onları topuğundan vuracaq.
20. Aşerdən zəngin nemətlər gələcək,O, şahanə ləzzətli yeməklər yetirəcək.
21. Naftali azad edilmiş bir maraldır,Ondan gözəl balalar doğulacaq.
22. Yusif barlı bir ağac,Çeşmə kənarında meyvəli bir ağacdır,Budaqları divarın üstündən aşar.
23. Oxçular ona güclü hücum etdilər,Düşmənçilik edib üstünə ox yağdırdılar.
24. Amma Yaqubun qüdrətli Allahı –İsrailin Daşı və Çobanı olanAllahın sayəsindəOnun kamanı möhkəm,Qolları qüvvətli oldu.
25. Sənə kömək edənAtanın Allahıdır,Sənə xeyir-dua verənKülli-İxtiyardır.Yuxarıda göylərin bərəkəti ilə,Dərinlikdə olanSu mənbələrinin bərəkəti ilə,Döşlərin və bətnlərin bərəkəti iləSənə xeyir-dua verəcək.
26. Atanın xeyir-duasıAtalarımın xeyir-duasından daha ucadır;Əbədi qalan təpələrinZirvəsinə çatar.Qoy xeyir-dualarımYusifin – qardaşlar arasındaBaşçı olanın üstündə olsun.
27. Binyamin acgöz bir qurddur,Səhər ovunu yeyər,Axşam qənimət paylar».
28. Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi.
29. Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın.
30. O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı.
31. İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım.
32. Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb».
33. Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu.

Yaradılış 50:1-26
1. Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü.
2. Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar.
3. Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular.
4. Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki,
5. atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
6. Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır».
7. Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları,
8. Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular.
9. Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi.
10. Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu.
11. O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayimadı verildi.
12. Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər.
13. Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.
14. Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı.
15. Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?»
16. Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin:
17. “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı.
18. Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq».
19. Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz?
20. Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun.
21. Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.
22. Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü.
23. O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu.
24. Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».
25. Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».
26. Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.

Zəbur 14:1-7
1. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər.İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,Yaxşı iş görən yoxdur.
2. Rəbb göylərdən bəşər övladına baxır.Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3. Hamı birgə pozulub, namus əldən gedib,Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4. Şər iş görənlərin hər biri məgər heç nə qanmır?Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.
5. Onlar böyük dəhşətə düşəcək,Lakin Allah salehlərin nəslinə yar olacaq.
6. Onlar məzlumların niyyətini boşa çıxarır,Amma Rəbb məzlumların pənahıdır.
7. Kaş İsrailin azadlığı Siondan gələydi!Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zamanYaqub övladları şadlıq edəcək,İsraillilər sevinəcək!

Süleymanın Məsəlləri 4:20-24
20. Oğlum, sözlərimə fikir ver,Dediklərimə qulaq as.
21. Onları gözlərinin önündən ayırma,Onları ürəyində qoru.
22. Çünki onları tapanlarHəyat və cansağlığı tapar.
23. Hər şeydən əvvəl öz ürəyini qoru,Çünki həyat çeşməsi odur.
24. Əyri danışığı ağzından götür,Azğın dodaqları özündən uzaqlaşdır.

Matta 16:1-28
1. Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin.
2. Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”,
3. səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz?
4. Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.
5. Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar.
6. İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
7. Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir».
8. İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız?
9. Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
10. Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı?
11. Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
12. O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.
13. İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?»
14. Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir».
15. İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?»
16. Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».
17. İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.
18. Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
19. Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq».
20. Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.
21. Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.
22. Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!»
23. Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
24. Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
25. Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq.
26. İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?
27. Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.
28. Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».