A A A A A

Bir il Bibliya


Yanvar 21


Yaradılış 41:1-57
1. İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.
2. Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.
3. Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar.
4. Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.
5. Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı.
6. Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.
7. Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.
8. Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.
9. Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:
10. bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı.
11. Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.
12. Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi.
13. O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».
14. Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi.
15. Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən».
16. Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək».
17. Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam.
18. Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.
19. Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm.
20. Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər.
21. Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım.
22. Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı.
23. Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.
24. Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq izah edən olmadı».
25. Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi.
26. Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.
27. Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq.
28. Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi.
29. Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.
30. Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.
31. Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.
32. Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək.
33. Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin.
34. Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.
35. Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar.
36. Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».
37. Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi.
38. Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?»
39. Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur.
40. Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam».
41. Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».
42. Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı.
43. Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu.
44. Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək».
45. Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.
46. Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.
47. Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi.
48. Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı.
49. Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.
50. Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu.
51. Yusif ilk oğlunun adını Menaşşeqoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu».
52. İkinci oğlunun adını Efrayimqoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».
53. Misir torpağında yeddi il bolluq qurtardı.
54. Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.
55. Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin».
56. Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.
57. Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.

Yaradılış 42:1-38
1. Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?»
2. Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq».
3. Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi.
4. Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər.
5. Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü.
6. Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər.
7. Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik».
8. Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar.
9. Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».
10. Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.
11. Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».
12. Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».
13. Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb».
14. Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz,
15. ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz.
16. Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz».
17. Yusif üç gün onları zindanda saxladı.
18. Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram.
19. Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.
20. Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər.
21. Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi».
22. Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik».
23. Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar.
24. Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.
25. Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi.
26. Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər.
27. Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi.
28. O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?»
29. Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər:
30. «O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi.
31. Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik.
32. Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”.
33. O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin.
34. Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”».
35. Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular.
36. Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz».
37. Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm».
38. Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz».

Zəbur 10:12-18
12. Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır!Unutma məzlumları!
13. Niyə pis insan Allaha küfr etsin?Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?
14. Amma Sən bu əzab-əziyyətə baxırsan,Məzluma kömək əlini uzadırsan.Biçarə özünü Sənə tapşırar,Yetimlərin imdadı Sənsən.
15. Şər iş görənin, pis insanın qol-qanadını qır,Axıracan pisliklərini ifşa et.
16. Rəbb sonsuzadək, əbədi padşahdır!Onun diyarından millətlər yox olacaq.
17. Ya Rəbb, məzlumların səsini eşidəcəksən,Onları ürəkləndirib diqqət yetirəcəksən.
18. Yetimə, fəqirə ədalət göstərəcəksən;Belə ki torpaqdan yaradılan insanBir daha təhlükə yaratmasın.

Süleymanın Məsəlləri 4:7-9
7. Hikmət hər şeydən üstündür, gərək onu qazanasan,İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
8. Onu üstün tutsan, səni ucaldar,Əgər ona bağlansan, səni şərəfə çatdırar.
9. O sənin başının gözəl çələngi olar,Başına şərəf tacı qoyar».

Matta 14:1-21
1. O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi.
2. Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
3. Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı.
4. Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».
5. Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.
6. Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi.
7. O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək.
8. Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver».
9. Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər.
10. Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu.
11. Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı.
12. Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
13. İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi.
14. İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
15. Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».
16. Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».
17. Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».
18. İsa «onları buraya, Mənə gətirin» dedi.
19. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.
20. Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar.
21. Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.