A A A A A

Bir il Bibliya


Yanvar 17


Yaradılış 33:1-20
1. Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı:
2. cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu.
3. Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi.
4. Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar.
5. Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır».
6. Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər,
7. sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər.
8. Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün».
9. Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun».
10. Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun.
11. Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü.
12. Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm».
13. Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar.
14. Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm».
15. Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm».
16. Esav o gün yola düşüb Seirə qayıtdı.
17. Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular.
18. Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı.
19. O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı.
20. Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu.

Yaradılış 34:1-31
1. Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı.
2. O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı.
3. Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi.
4. Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al».
5. Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu.
6. Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi.
7. Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.
8. Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz.
9. Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın.
10. Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun».
11. Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm.
12. Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin».
13. Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı.
14. Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar.
15. Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar,
16. öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq.
17. Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik».
18. Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi.
19. Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.
20. Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər:
21. «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik.
22. Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun.
23. Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın».
24. Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu.
25. Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.
26. Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər.
27. Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar.
28. Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər.
29. Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər.
30. Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam».
31. Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»

Zəbur 9:1-5
1. Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,Bütün xariqələrini deyəcəyəm.
2. Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
3. Düşmənlərim geri dönəndəSənin önündə səndələyərək yıxılıb məhv olurlar.
4. Çünki Sən haqqımı və mübarizəmi gördün,Taxtında oturub ədalətlə hökm etdin.
5. Sən millətləri məzəmmət, pisləri yox etdin,Adlarını əbədilik sildin.

Süleymanın Məsəlləri 3:21-26
21. Oğlum, sağlam şüura, dərrakəyə bağlan,Bunlardan gözünü çəkmə.
22. Onlar sənin həyatın olar,Gözəl naxış kimi boynuna bağlanar.
23. O zaman rahat gəzərsən,Ayaqların büdrəməz.
24. Qorxusuz, rahat yatarsan,Şirin yuxu taparsan.
25. Qəfil fəlakətdən,Pislərə gələn bəladan qorxma.
26. Çünki güvəndiyin Rəbdir,O qoymaz ki, sən tələyə düşəsən.

Matta 12:1-21
1. O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar.
2. Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».
3. İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?
4. O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər.
5. Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar?
6. Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır.
7. Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz.
8. Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».
9. İsa oradan ayrılıb onların sinaqoquna girdi.
10. Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.
11. İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz?
12. İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var».
13. Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu.
14. Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.
15. İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi.
16. Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
17. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:
18. «Budur, Mənim seçdiyim Qulum!Mənə sevimlidir, könlüm Ondan razıdır.Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.O, millətlərə ədalət elan edəcək.
19. O nə mübahisə, nə də fəryad edəcək.Küçələrdə heç kim Onun səsini eşitməyəcək.
20. Ədaləti zəfərə çatdırana qədərƏzilmiş qamışı qırmayacaq,Tüstülənən piltəni söndürməyəcək.
21. Millətlər Onun adına ümid bağlayacaq».