A A A A A

Bir il Bibliya

Yanvar 14

Yaradılış 27:1-46
1. İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi.
2. İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm.
3. İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla.
4. Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm».
5. İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi.
6. Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi:
7. “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”.
8. Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as:
9. bu saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam.
10. Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin».
11. Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm.
12. Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm».
13. Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir».
14. Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı.
15. Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi.
16. Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı.
17. Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi.
18. Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?»
19. Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən».
20. İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi».
21. İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?»
22. Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir».
23. İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi.
24. O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli».
25. İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi.
26. Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp».
27. O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi:«Bax oğlumun qoxusuRəbbin xeyir-dua verdiyiÇölün qoxusu kimidir.
28. Allah sənə göylərin şehini,Torpağın şirəsini,Bol buğda və çoxlu təzə şərab versin.
29. Xalqlar sənə qulluq etsin,Ümmətlər sənə baş əysin.Öz qardaşlarına ağa ol,Ananın oğulları sənə baş əysin.Sənə lənət edənlərə lənət gəlsin,Sənə xeyir-dua verənlər xeyir-dua alsın».
30. İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı.
31. Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin».
32. Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam».
33. İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu».
34. Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver».
35. İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı».
36. Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?»
37. İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?»
38. Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı.
39. Atası İshaq ona belə cavab verdi:«Yaşadığın yer torpağın şirəsindən,Yuxarıda göylərin şehindən uzaq olacaq.
40. Qılıncınla yaşayıbQardaşına qulluq edəcəksən.Amma azad olmaq istəyəndəOnun boyunduruğunuBoynundan qırıb atacaqsan».
41. Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm».
42. Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir.
43. Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.
44. Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal.
45. Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?»
46. Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»

Yaradılış 28:1-22
1. İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma.
2. Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al.
3. Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin;
4. İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan».
5. İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.
6. Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi.
7. Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi.
8. Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir.
9. Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi.
10. Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi.
11. Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı.
12. O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər.
13. Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm.
14. Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq.
15. Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm».
16. Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».
17. Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».
18. Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü.
19. O yerin adını Bet-Elqoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.
20. Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə,
21. sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq.
22. Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».

Zəbur 7:9-17
9. Pislərin pisliyi sona yetsin,Salehlərsə möhkəmlənsin!Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10. Allah mənim sipərimdir,Ürəyidüz olanları xilas edir.
11. Allah adil hakimdir,Hər gün haqsızlığa görə hökm verir.
12. Pislər yolundan dönməzsə,O, qılıncını itilər,Ox-kamanını qurar,
13. Onlara qarşı ölüm silahları hazırlayar,Yandırıcı oxları ilə nişan alar.
14. Pislər hiyləyə hamilə olar,Şər üçün ağrı çəkər, yalan doğar.
15. Onlar başqasına quyu qazar, dərinləşdirər,Qazdıqları quyuya özləri düşər.
16. Yamanlıqları öz üstlərinə dönər,Zorakılıqları başlarına düşər.
17. Rəbbə ədalətinə görə şükür edəcəyəm,Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!

Süleymanın Məsəlləri 3:11-12
11. Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,Onun məzəmmətinə nifrət etmə.
12. Ata sevdiyi oğlunu necə məzəmmət edərsə,Rəbb də sevdiyini elə məzəmmət edər.

Matta 10:1-20
1. İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər.
2. Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya,
3. Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday,
4. Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot.
5. İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin,
6. amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin.
7. Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.
8. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.
9. Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün.
10. Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
11. Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın.
12. O evə girərkən ev sakinlərini salamlayın.
13. Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.
14. Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın.
15. Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.
16. Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.
17. İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar.
18. Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız.
19. Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək,
20. çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur.