A A A A A

Bir il Bibliya


Yanvar 10


Yaradılış 19:1-38
1. Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi:
2. «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik».
3. Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər.
4. Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar.
5. Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək».
6. Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü.
7. O dedi: «Qardaşlarım, pislik etməyin.
8. Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır».
9. Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar.
10. Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar.
11. Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər.
12. Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart,
13. çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək».
14. Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir.
15. Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan».
16. Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar.
17. Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».
18. Lut onlara dedi: «Aman, ağam!
19. İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram.
20. Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir».
21. Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram.
22. Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soaradlandı.
23. Günəş doğanda Lut Soara gəldi.
24. Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı,
25. bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi.
26. Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi.
27. İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi.
28. Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü.
29. Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.
30. Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı.
31. Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur.
32. Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun».
33. Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
34. O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun».
35. O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
36. Lutun iki qızı beləcə atalarından hamilə oldu.
37. Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır.
38. Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır.

Yaradılış 20:1-18
1. İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı.
2. İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı.
3. Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır».
4. Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən?
5. O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim».
6. Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım.
7. İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək».
8. Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular.
9. Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin».
10. Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?»
11. İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər.
12. O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım.
13. Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”».
14. Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı.
15. Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən».
16. Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin».
17. İbrahim Allaha dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu.
18. Çünki Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı.

Zəbur 6:1-5
1. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,Hiddətlənib məni tənbeh etmə.
2. Ya Rəbb, mənə rəhm et,Çünki taqətim qalmayıb.Mənə şəfa ver, ya Rəbb,Sümüklərim sızlayır.
3. Canıma vəlvələ düşüb.Ya Rəbb, bu nə vaxtadək olacaq?
4. Ya Rəbb, gəl, mənə kömək et,Məhəbbətin naminə məni xilas et!
5. Ölüb-gedən insan Səni xatırlamaz.Axı ölülər diyarından kim Sənə şükür edəcək?

Süleymanın Məsəlləri 3:1-4
1. Oğlum, təlimimi unutma,Qoy qəlbin əmrlərimə bağlansın.
2. Onlar ömrünü uzadar,Həyatına illər, firavanlıq artırar.
3. Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin,Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
4. Onda Allahın və insanların gözündəLütf tapıb şərəfə çatarsan.

Matta 8:1-17
1. İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi.
2. Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı.
3. İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu.
4. İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
5. İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı:
6. «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir».
7. İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm».
8. Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq.
9. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
10. Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim.
11. Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.
12. Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq».
13. Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.
14. İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü.
15. İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.
16. Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi.
17. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi:«Bizim xəstəliklərimizi O çəkdi,Naxoşluqlarımızı Öz üzərinə götürdü».