Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 8

1 Şamuel 9

10 →
1

Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi.

2

Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi.

3

Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar».

4

Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər.

5

Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq».

6

Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi».

7

Şaul nökərinə dedi: «Əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?»

8

Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin».

9

Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar.

10

Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər.

11

Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?»

12

Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək.

13

Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız».

14

Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı.

15

Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi:

16

«Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı».

17

Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək».

18

Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz».

19

Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram.

20

Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?»

21

Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?»

22

Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi.

23

Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!»

24

Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, təyin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi.

25

Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaulla evin damında söhbət etdi.

26

Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı.

27

Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim».

Azerbaijan Bible 1878
Public Domain: 1878