Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 21

1 Şamuel 22

23 →
1

Davud oradan yola çıxıb Adullam mağarasında gizləndi. Qardaşları və atasının külfəti bunu eşidəndə onun yanına gəldilər.

2

Vəziyyəti ağır olanların, borcu olanların, narazıların hamısı yanına yığıldı və Davud onların başçısı oldu. Onun yanında dörd yüz nəfərə qədər adam var idi.

3

Davud oradan Moavın Mispa şəhərinə gəlib Moav padşahına dedi: «Rica edirəm, Allahın mənə nə edəcəyini bilənə qədər qoy atamla anam gəlib yanında qalsın».

4

Davud onları Moav padşahının yanında qoydu və özü qalada qaldığı müddətdə ata və anası Moav padşahının yanında qaldı.

5

Peyğəmbər Qad Davuda dedi: «Sən burada – qalada belə dolanma, Yəhuda diyarına get». Davud gedib Xeret meşəsinə girdi.

6

Şaul Davudla yanındakı adamlarının yerini öyrəndi. O, Giveadakı bir təpədə, yulğun ağacının altında əlində nizə oturmuş, bütün əyanları isə ətrafında dayanmışdılar.

7

Şaul ətrafındakı əyanlarına belə dedi: «Ey Binyaminlilər, indi mənə qulaq asın. Yesseyin oğlu hamınıza tarlalar və üzümlüklər verəcəkmi? Hamınızı minbaşı və yüzbaşı edəcək ki,

8

mənim üçün hiylə qurursunuz? Mənim oğlum Yesseyin oğlu ilə əhd bağlayan zaman bunu qulağıma çatdıran olmadı və heç birinizin mənə yazığı gəlmədi. Pusqu qurmaq üçün oğlum mənim üstümə qulumu qiyama qaldırır, deyə bu xəbəri qulağıma çatdıran oldumu?»

9

Şaulun əyanlarının yanında Edomlu Doeq də dayanmışdı və o dedi: «Yesseyin oğlunu Novda, Axituv oğlu Aximelekin yanına gələndə gördüm.

10

Orada Aximelek Davud üçün Rəbbə müraciət etdi və ona həm ərzaq, həm də Filiştli Qolyatın qılıncını verdi».

11

Padşah Axituv oğlu kahin Aximeleki və atasının külfətini, həm də Novda olan kahinləri çağırmaq üçün adam göndərdi. Onların hamısı padşahın yanına gəldi.

12

Şaul dedi: «Ey Axituv oğlu, indi məni dinlə». Aximelek dedi: «Buyurun, ağam».

13

Şaul dedi: «Allaha müraciət edib bugünkü kimi mənim üstümə qiyam qaldırmaq üçün Yessey oğlunun əlinə çörək və qılınc verərək niyə mənə qarşı fənd qurdunuz?»

14

Aximelek padşaha cavab verdi: «Bütün əyanlarının arasında Davud kimi sədaqətli olanı varmı? O, padşahın kürəkəni, mühafizəçilərin başçısı və sənin evində çox etibarlı sayılan adamdır.

15

Onun üçün Allaha müraciət etməyə ancaq o gündənmi başlamışam? Əsla! Padşahım bu quluna və atamın külfətinə şər atmasın, çünki az-çox olsa belə, qulunun bu işdən heç bir xəbəri yoxdur».

16

Padşah dedi: «Ey Aximelek, sən və atanın külfəti mütləq ölməlisiniz».

17

Padşah yanındakı mühafizəçi əsgərlərə dedi: «Dönün, Rəbbin kahinlərini öldürün. Ona görə ki onlar da Davudla əlbir olub. Çünki onun qaçdığını bilib bu xəbəri qulağıma çatdırmayıblar». Lakin padşahın adamları əl qaldırıb Rəbbin kahinlərini öldürmək istəmədilər.

18

Padşah Edomlu Doeqə dedi: «Dön, bu kahinləri öldür». Edomlu Doeq dönüb kahinləri öldürdü və o gün kətan efod geyən səksən beş kişi öldürüldü.

19

Sonra o, kahinlərin şəhəri olan Novu da qılıncdan keçirdi. Kişi, qadın, gənc, körpə bilmədən bütün adamları, eləcə də öküzləri, eşşəkləri və qoyunları qılıncdan keçirdi.

20

Axituvun oğlu Aximelekin oğullarından Evyatar adlı bir nəfər qurtulub Davudun yanına qaçdı.

21

Evyatar Şaulun Rəbbin kahinlərini öldürdüyünü Davuda xəbər verdi.

22

Davud Evyatara dedi: «O vaxt Edomlu Doeq orada olanda mütləq bunu Şaula çatdıracağını anlamışdım. Atanın külfətinin qırılmasına səbəb mən oldum.

23

Yanımda qal, qorxma, çünki mənim canımı almaq istəyən sənin də canını almaq istəyir. Əgər yanımda qalsan, salamat olarsan».

Azerbaijan Bible 1878
Public Domain: 1878