Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 5

Yaqubun 1

2 →
1

Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam!

2

Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.

3

Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.

4

Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.

5

Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.

6

Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.

7

Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.

8

O qərarsızdır, heç bir yolunda sabit deyil.

9

Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin,

10

varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.

11

Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.

12

Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.

13

Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.

14

Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.

15

Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.

16

Ey sevimli qardaşlarım, aldanmayın:

17

hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.

18

O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.

19

Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.

20

Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.

21

Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.

22

Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.

23

Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:

24

O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur.

25

Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!

26

Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur.

27

Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.

Azerbaijan Bible 1878
Public Domain: 1878