Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Filimona 4

1

Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.

2

Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.

3

Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir:«Buna görə qəzəblənib and içmişəm:“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.

4

Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».

5

Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».

6

Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.

7

Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir:«Bu gün əgər Onun səsini eşitsəniz,Qoy ürəkləriniz inadkar olmasın».

8

Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.

9

Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.

10

Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.

11

Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.

12

Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.

13

Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.

14

Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.

15

Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.

16

Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.

Azerbaijan Bible 1878
Public Domain: 1878