Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 5

Qanunun Təkrarı 6

7 →
1

Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin.

2

Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun.

3

Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan.

4

Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.

5

Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.

6

Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.

7

Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış.

8

Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla,

9

evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.

10

Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər,

11

zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol.

12

Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma.

13

Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et.

14

Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki,

15

Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır.

16

Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın.

17

Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin.

18

Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən.

19

Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.

20

Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa,

21

oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı.

22

Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi.

23

Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin.

24

Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın.

25

Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”.

Azerbaijan Bible 1878
Public Domain: 1878