← 25 27 →

Qanunun Təkrarı 26

1

Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağa girib orada məskunlaşanda

2

Allahınız Rəbbin sizə verəcəyi ölkənin torpaqlarından topladığınız bütün məhsulların nübarını götürüb bir səbətə yığın. Sonra Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gedin.

3

O dövrdə xidmət edən kahinin yanına gedib deyin: “Allahın Rəbbə bu gün bəyan edirəm ki, Rəbbin atalarımıza vəd etdiyi ölkəyə çatdım”.

4

Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun.

5

Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi.

6

Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər.

7

Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü.

8

Rəbb qüdrətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə bizi Misirdən çıxartdı.

9

O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi.

10

İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm”. Sonra səbəti Allahınız Rəbbin önünə qoyub Onun qarşısında səcdə edin.

11

Siz, Levililər, aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylər üçün sevinəcəksiniz.

12

Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar.

13

Sonra Allahınız Rəbbə deyin: “Mənə əmr etdiyin kimi Rəbb yolunda ayırdıqlarımı evdən çıxarıb Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verdim. Əmrlərindən çıxmadım, heç birini yaddan çıxarmadım.

14

Bu paydan yas tutarkən yemədim, onu evdən çıxaranda murdar deyildim və onu ölülərə təqdim etmədim. Allahım Rəbbin sözünə qulaq asdım. Mənə əmr etdiklərinin hamısını yerinə yetirdim.

15

Ya Rəbb, indi müqəddəs məskənindən – göylərdən aşağıya bax. Xalqın İsrailə, atalarımıza etdiyin anda görə bizə verdiyin torpağa – süd və bal axan torpağa xeyir-dua ver”.

16

Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun.

17

Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz.

18

Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz.

19

O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız».

Azerbaijan Bible 1878
Public Domain: 1878