Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 2

Mark 3

4 →
1

İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.

2

Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.

3

İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»

4

Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.

5

İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.

6

Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.

7

İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.

8

İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.

9

İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.

10

Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.

11

Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»

12

Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

13

İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.

14

İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,

15

həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.

16

Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,

17

Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,

18

Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon

19

və İsaya xəyanət edən Yəhuda İskaryot.

20

Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.

21

İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.

22

Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».

23

İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər?

24

Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.

25

Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz.

26

Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar.

27

Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.

28

Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq.

29

Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq».

30

İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.

31

İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar.

32

Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər».

33

İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?»

34

Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.

35

Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

Azerbaijan Bible 1878
Public Domain: 1878