Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Saylar 4

1

Rəbb Musaya və Haruna dedi:

2

«Levililər arasından Qohat övladlarına mənsub nəsillərlə ailələri siyahıya alın.

3

Hüzur çadırında xidmət etməyə gələn otuz yaşından əlli yaşına qədər kişilərin hamısını hesablayın.

4

Qohatlıların Hüzur çadırında xidməti budur: ən müqəddəs əşyalara baxmaq.

5

Düşərgə yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını örtsünlər.

6

Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar.

7

Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın.

8

Onların üzərinə al rəngli bir kətan sərərək suiti dərisindən bir örtük çəksinlər və onun şüvüllərini yerinə qoysunlar.

9

Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər.

10

Çıraqdanı və onun bütün avadanlığını suiti dərisindən bir örtüklə sarıyıb xərəyə qoysunlar.

11

Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və şüvüllərini taxsınlar.

12

Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.

13

Qurbangahdan külü təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər.

14

İbadət zamanı işlədilən bütün əşyaları: xəkəndazı, çəngəlləri, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını onun üzərinə qoysunlar. Sonra bunların üstünü suiti dərisindən bir örtüklə örtüb şüvüllərini taxsınlar.

15

Düşərgə yola düşəndə Harunla oğulları müqəddəs əşyaları və bütün avadanlığı örtməyi qurtarandan sonra Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki, ölməsinlər. Hüzur çadırında olan bu şeyləri daşımaq məsuliyyəti Qohatlılara aiddir.

16

Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına nəzarət edəcəkdir».

17

Rəbb Musaya və Haruna dedi:

18

«Qoymayın ki Levililər arasından Qohatlıların nəsilləri yox olsun.

19

Ancaq ən müqəddəs şeylərə yaxınlaşdıqları zaman ölməyib sağ qalsınlar deyə Harunla oğulları içəri girib onların hərəsini öz işinin üstünə və öz yükünün başında qoysun.

20

Lakin Qohatlılar bir an belə, içəri girib müqəddəs əşyalara baxmasınlar, yoxsa ölərlər».

21

Rəbb Musaya belə dedi:

22

«Gerşonluları da mənsub olduqları ailələrə və nəsillərə görə siyahıya al.

23

Onlardan otuz yaşından əlli yaşına qədər olanların hamısını siyahıya al. Qoy xidmət edib Hüzur çadırında iş görmək üçün gəlsinlər.

24

İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin vəzifəsi budur:

25

Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni,

26

həyətin pərdələrini və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər.

27

İstər yük daşımaq, istərsə başqa iş görmək, edəcəkləri bütün xidmətlər Harunla oğullarının rəhbərliyi ilə görülsün. Gerşonlular daşıyacaqları hər yükə cavabdeh olsunlar.

28

Hüzur çadırında Gerşon nəsillərinin xidməti budur. Onların vəzifələri kahin Harun oğlu İtamarın nəzarəti altında olsun.

29

Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al.

30

Otuz yaşından əlli yaşına qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al.

31

Hüzur çadırında xidmət edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,

32

çadırın ətrafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın.

33

Hüzur çadırında Merari nəsillərinin vəzifəsi budur. Onlar kahin Harun oğlu İtamarın nəzarəti altında xidmət edəcəklər».

34

Musa ilə Harun və icma başçıları, Qohatlılardan nəsillərə və ailələrə görə

35

otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısını siyahıya aldılar.

36

Nəsillərinə görə 2 750 nəfər siyahıya alındı.

37

Hüzur çadırında xidmət edən Qohat nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.

38

Gerşonlulardan nəsillərinə və ailələrinə görə

39

otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.

40

Nəsillərinə və ailələrinə görə 2630 nəfər siyahıya alındı.

41

Gerşon nəslindən siyahıya alınan, Hüzur çadırında xidmət edən kişilərin cəmi bu idi. Rəbbin əmrinə görə Musa ilə Harun onları siyahıya aldılar.

42

Merari övladlarından nəsillərinə və ailələrinə görə

43

otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.

44

Nəsillərinə görə 3200 nəfər siyahıya alındı.

45

Hüzur çadırında xidmət edən Merari nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsi ilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.

46

Musa ilə Harun və İsrail rəhbərləri, nəsillərinə və ailələrinə görə bütün Levililəri,

47

otuz yaşından əlli yaşına qədər, Hüzur çadırında xidmət etmək və yük daşımaq üçün gələn kişilərin hamısını siyahıya aldılar.

48

8580 nəfər siyahıya alındı.

49

Rəbbin əmrinə görə hər biri edəcəyi xidmətə və daşıyacağı yükə görə Musanın nəzarəti ilə siyahıya alındılar; onlar Rəbbin Musaya əmr etdiyi kimi siyahıya alındılar.

Azerbaijan Bible 1878
Public Domain: 1878