Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Levililər 10

1

Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.

2

Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər.

3

Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir:“Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar;Bütün xalq Məni izzətləndirsin”».Harun isə susurdu.

4

Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun».

5

Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular.

6

Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.

7

Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər.

8

Rəbb Haruna dedi:

9

«Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.

10

Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun.

11

Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin».

12

Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.

13

Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür.

14

Yellədilən döş ətini və qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb.

15

Qaldırılan bud ətini və yellədilən döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir».

16

Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi:

17

«Siz nə üçün günah qurbanını müqəddəs sayılan yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz.

18

Təkənin qanı içəri, Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli idiniz».

19

Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə məqbul olardımı?»

20

Musa bunu eşidib razılaşdı.

Azerbaijan Bible 1878
Public Domain: 1878