Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 21

Çıkış 22

23 →
1

Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin.

2

Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın.

3

Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın.

4

Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.

5

Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin.

6

Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir.

7

Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin.

8

Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib.

9

Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir.

10

Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa

11

bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin.

12

Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin.

13

Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin.

14

Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir.

15

Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir.

16

Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir.

17

Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin.

18

Cadugər qadın sağ qalmasın.

19

Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir.

20

Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.

21

Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz.

22

Heç bir dul qadına və yetimə əziyyət verməyin.

23

Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm.

24

Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq.

25

Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın.

26

Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın.

27

Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.

28

Allaha küfr etmə və xalqın başçısına lənət etmə.

29

Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et.

30

Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et.

31

Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın.

Azerbaijan Bible 1878
Public Domain: 1878