← 8 10 →

Nehemya 9

1

Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı.

2

İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi.

3

Onlar olduqları yerdə dayanıb günün dörddə bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular. Günün digər dörddə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar.

4

Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevya, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar.

5

Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevya, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın!

6

Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!

7

Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin.

8

Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qirqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən.

9

Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin.

10

Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin.

11

Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın.

12

Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin.

13

Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin.

14

Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun.

15

Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.

16

Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər.

17

İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.

18

Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə

19

Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin.

20

Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin.

21

Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi.

22

Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdürdün. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirtdi.

23

Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin.

24

Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər.

25

Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.

26

Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər.

27

Onda Sən onları düşmənə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşmən əlindən qurtardılar.

28

Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın.

29

Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər.

30

Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.

31

Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.

32

Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin.

33

Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik.

34

Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar.

35

Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər.

36

Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik.

37

Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik.

38

Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlərimiz də bu əhdi möhürləyir».

Azerbaijan Bible 1878
Public Domain: 1878