Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 1

2 Salnamələr 2

3 →
1

Süleyman Rəbbin adına bir məbəd və özü üçün bir saray tikməyi niyyət etdi.

2

Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı.

3

Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi:«Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.

4

Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.

5

Tikəcəyim məbəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür.

6

Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, Ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm.

7

Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün.

8

Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır.

9

İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarınla birgə olacaq. Çünki tikəcəyim məbəd böyük və möcüzəli bir şey olacaq.

10

Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm».

11

Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi:«Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi».

12

Xiram belə davam etdi:«Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib.

13

Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın.

14

O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir.

15

Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.

16

Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik, onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan».

17

Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi.

18

Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu.

Azerbaijan Bible 1878
Public Domain: 1878