Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 15

2 Padşahlar 16

17 →
1

Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu.

2

Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi.

3

Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi.

4

O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı.

5

Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər.

6

O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Edomlular Elata girdilər və bu günə qədər orada yaşayırlar.

7

Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar».

8

Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi.

9

Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü.

10

Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi.

11

Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi.

12

Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı.

13

Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi.

14

Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu.

15

Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq».

16

Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi.

17

Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu.

18

Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü.

19

Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.

20

Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu.

Azerbaijan Bible 1878
Public Domain: 1878