Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 44

Yaradılış 45

46 →
1

Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi.

2

O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.

3

Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar.

4

Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm.

5

İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.

6

Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

7

Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun.

8

Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi.

9

Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl.

10

Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar.

11

Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”.

12

İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm.

13

Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin».

14

Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı.

15

Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.

16

Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi.

17

Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin.

18

Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz.

19

Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və atanızı gətirib gəlin”.

20

Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».

21

İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi.

22

Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi.

23

Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi.

24

O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».

25

Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.

26

Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı.

27

Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı.

28

İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».

Azerbaijan Bible 1878
Public Domain: 1878