Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 26

Yaradılış 27

28 →
1

İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi.

2

İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm.

3

İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla.

4

Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm».

5

İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi.

6

Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi:

7

“Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”.

8

Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as:

9

bu saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam.

10

Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin».

11

Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm.

12

Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm».

13

Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir».

14

Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı.

15

Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi.

16

Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı.

17

Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi.

18

Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?»

19

Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən».

20

İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi».

21

İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?»

22

Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir».

23

İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi.

24

O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli».

25

İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi.

26

Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp».

27

O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi:«Bax oğlumun qoxusuRəbbin xeyir-dua verdiyiÇölün qoxusu kimidir.

28

Allah sənə göylərin şehini,Torpağın şirəsini,Bol buğda və çoxlu təzə şərab versin.

29

Xalqlar sənə qulluq etsin,Ümmətlər sənə baş əysin.Öz qardaşlarına ağa ol,Ananın oğulları sənə baş əysin.Sənə lənət edənlərə lənət gəlsin,Sənə xeyir-dua verənlər xeyir-dua alsın».

30

İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı.

31

Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin».

32

Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam».

33

İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu».

34

Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver».

35

İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı».

36

Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?»

37

İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?»

38

Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı.

39

Atası İshaq ona belə cavab verdi:«Yaşadığın yer torpağın şirəsindən,Yuxarıda göylərin şehindən uzaq olacaq.

40

Qılıncınla yaşayıbQardaşına qulluq edəcəksən.Amma azad olmaq istəyəndəOnun boyunduruğunuBoynundan qırıb atacaqsan».

41

Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm».

42

Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir.

43

Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.

44

Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal.

45

Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?»

46

Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»

Azerbaijan Bible 1878
Public Domain: 1878