Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 12

Yaradılış 13

14 →
1

İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi.

2

İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.

3

Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi.

4

İbram ilk vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı.

5

İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi.

6

Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər.

7

İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı.

8

İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.

9

Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».

10

Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.

11

Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.

12

İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu.

13

Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.

14

Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax.

15

Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm.

16

Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər.

17

Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm».

18

İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.

Azerbaijan Bible 1878
Public Domain: 1878