Biblia za jeden rok
Január 20


Yaradılış 1:1-31
1. Başlanğıcda Allah göyləri və yeri yaratdı.
2. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.
4. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
5. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın».
7. Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu.
8. Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9. Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu.
10. Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11. Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu.
12. Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır.
13. Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14. Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin.
15. Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu.
16. Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi.
17. Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın,
18. gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.
19. Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20. Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».
21. Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
22. Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».
23. Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24. Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.
25. Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».
27. Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.
28. Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».
29. Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.
30. Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu.
31. Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.

Yaradılış 2:1-25
1. Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.
2. Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.
3. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
4. Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda
5. yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı.
6. Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı.
7. Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
8. Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.
9. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
10. Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
11. Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.
12. Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.
13. İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır.
14. Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
15. Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.
16. Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.
17. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
18. Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».
19. Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.
20. İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.
21. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.
22. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
23. İnsan dedi:«Bax, nəhayət, bununSümüyü mənim sümüyümdən,Bədəni mənim bədənimdəndir.Adına “qadın” deyiləcək,Çünki o, kişidən götürülüb».
24. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.
25. Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

Zəbur 1:1-6
1. Pislərin məsləhəti ilə getməyən,Günahkarların yolunda dayanmayan,Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2. O ancaq Rəbbin Qanunundan zövq alar,Gecə-gündüz bu təlimatı dərin düşünər.
3. Axar sular kənarında əkilən ağac kimiBarını mövsümündə verər,Yarpağı solmaz,Etdiyi hər işdə uğur qazanar.
4. Pis adamlarsa belə deyil,Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5. Buna görə pis adamlar hökm günündə,Günahkarlar salehlərin məclisində dayana bilməz.
6. Çünki Rəbb salehlərin yolunu bilər,Pislərin yolu isə məhv olar.

Süleymanın Məsəlləri 1:1-7
1. İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
2. Hikmət və tərbiyəyə malik olmaq,Müdrik sözləri dərk etmək üçün,
3. Salehlik, ədalət, insaf barədəİdrak tərbiyəsi almaq üçün,
4. Cahillərə uzaqgörənlik,Gənc oğlana bilik və dərrakə vermək üçün;
5. Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın,Dərrakəli adam sağlam məsləhət alsın.
6. Bu yolla insanlar məsəl və kinayələri,Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7. Rəbb qorxusu biliyin başlanğıcıdır,Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.

Matta 1:1-25
1. Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:
2. İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi.
3. Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi.
4. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.
5. Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi.
6. Yesseydən padşah Davud törədi.Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi.
7. Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi.
8. Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi.
9. Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi.
10. Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi.
11. Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.
12. Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi.
13. Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi.
14. Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi.
15. Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi.
16. Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.
17. Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.
18. İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu.
19. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü.
20. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.
21. Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».
22. Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:
23. «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar».«İmmanuel» «Allah bizimlədir» deməkdir.
24. Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi.
25. Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.