Bir il Bibliya
Dekabr 18


Daniel 5:1-30
1. Padşah Belşassar min nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi.
2. Belşassar şərab içərkən əmr etdi ki, babası Navuxodonosorun Yerusəlimdəki məbəddən çıxardığı qızıl və gümüş qabları gətirsinlər və padşah, əyanları, arvadları və cariyələri onlarla şərab içsin.
3. Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladı.
4. Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdi.
5. Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü.
6. Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı.
7. Padşah ucadan qışqırdı ki, ovsunçuları, Xaldeyli müdrikləri və falçıları gətirsinlər. Gələn Babil müdriklərinə padşah belə dedi: «Kim bu yazılanı mənə oxuyub mənasını izah etsə, ona qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaq».
8. Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər.
9. Onda padşah Belşassar daha da vahiməyə düşdü və bənizi soldu, əyanları da heyrətə düşdü.
10. Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: «Qoy padşah həmişə sağ olsun, fikirlərin səni vahiməyə salmasın, bənizin də solmasın.
11. Sənin padşahlığında müqəddəs allahların ruhuna malik olan bir adam var. Sənin babanın dövründə o, nuraniliyə, dərrakəyə və allahların müdrikliyi qədər müdrikliyə malik olması ilə tanınırdı. Baban padşah Navuxodonosorun özü onu sehrbazların, ruhçağıranların, Xaldeyli müdriklərin və əlamət baxıcılarının başçısı qoymuşdu.
12. Çünki padşahın Belteşassar adlandırdığı bu adam – Daniel iti ağla, biliyə, dərrakəyə, yuxuları yozmaq, müəmmaları açmaq və çətinlikləri həll etmək qabiliyyətinə malik olması ilə tanınmışdı. İndi qoy Danieli çağırsınlar, o sənə bunun mənasını izah edəcək».
13. Onda Danieli padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: «Padşah babamın Yəhudadan sürgün edərək gətirdiyi Yəhudalılardan olan Daniel sənsənmi?
14. Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var, nuranilik, dərrakə və böyük müdriklik sahibisən.
15. Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi.
16. Sənin barəndə isə eşitmişəm ki, yozum verib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını izah edə bilsən, sənə qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaqsan».
17. Onda Daniel padşaha cavab verdi: «Qoy hədiyyələrin özünə qalsın, mükafatlarını da başqasına ver. Yazılanı isə mən padşaha oxuyub mənasını izah edə bilərəm.
18. Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi.
19. Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı.
20. Ancaq ürəyi qürurlanıb inadkar olanda padşahlıq taxtından salındı və izzəti əlindən alındı.
21. O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur.
22. Sən – onun övladı Belşassar da bütün bunları bildiyin halda itaətkarlıq etmədin,
23. əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin.
24. Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı.
25. Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin.
26. Sözlərin mənası isə budur: Mene – Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu;
27. Teqel – sən tərəzidə çəkildin və yüngül olduğun bilindi;
28. Peres – sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi».
29. Onda Belşassarın əmri ilə Danielə qırmızı libas geyindirdilər, boynuna qızıl zəncir asdılar və o, padşahlıqda üçüncü adam elan olundu.
30. Həmin gecə Xaldey padşahı Belşassar öldürüldü.

Daniel 6:1-28
1. Dara qərara aldı ki, ölkəyə başçılıq etmək üçün padşahlığın bütün ərazisinə yüz iyirmi canişin təyin etsin,
2. onlara isə üç vəzir başçılıq etsin. Bu canişinlər onlara hesabat versin, padşaha da ziyan dəyməsin. Həmin üç vəzirdən biri Daniel idi.
3. Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun.
4. Belə olanda vəzirlər və canişinlər Danieli ölkənin idarə işlərində ittiham etmək üçün bir bəhanə axtarmağa başladılar, ancaq heç bir bəhanə və təqsir tapa bilmədilər, çünki Daniel etibarlı idi və onda heç bir səhv yaxud təqsir tapılmadı.
5. Nəhayət, bu adamlar dedi: «Əgər bu adamın – Danielin Allahının dinində onun əleyhinə bir şey tapmasaq, ona qarşı bir bəhanə tapa bilməyəcəyik».
6. Onda bu vəzirlər və canişinlər padşahın yanına gəldi və ona belə dedi: «Qoy padşah Dara həmişə sağ olsun!
7. Ölkənin bütün vəzirləri, əmirləri, canişinləri, müşavirləri və valiləri birlikdə razılaşdı ki, belə bir padşah fərmanı və qadağan əmri verilsin: ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın.
8. Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala».
9. Padşah Dara belə bir fərmanı və qadağan əmrini imzaladı.
10. Daniel belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi.
11. Onda bu adamlar birlikdə oraya gedib Danielin Allaha dua etdiyini və yalvardığını gördülər.
12. Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir».
13. O vaxt onlar padşaha dedi: «Ey padşah, sürgün olunmuş Yəhudalılardan olan Daniel səni və imzaladığın qadağan əmrini saymayaraq gündə üç dəfə dua edir».
14. Padşah bu sözləri eşidəndə çox kədərləndi və ürəyində niyyət etdi ki, Danieli qurtarsın. Padşah hətta günəş batana qədər onu xilas etməyə çalışdı.
15. Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz».
16. Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!»
17. Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi.
18. Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı.
19. Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi.
20. Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?»
21. Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun!
22. Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm».
23. Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi.
24. Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı.
25. O zaman padşah Dara bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan adamlara belə yazdı: «Sülhünüz bol olsun!
26. Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin.O, var olan Allahdır, əbədi olaraq mövcuddur,Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur.
27. O qurtarıb xilas edər, göydə və yerdə əlamətlər,Möcüzələr göstərər.Danieli şirlərin pəncəsindən O qurtardı».
28. Bu adam – Daniel Daranın, Fars Kirin padşahlığında uğur qazandı.

Zəbur 136:10-26
10. O, Misirlilərin ilk oğullarını qırdı,Çünki məhəbbəti əbədidir!
11. İsrail nəslini Misirlilərin arasından çıxartdı,Çünki məhəbbəti əbədidir!
12. İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı,Çünki məhəbbəti əbədidir!
13. Qırmızı dənizi iki yerə yardı,Çünki məhəbbəti əbədidir!
14. İsrailliləri dənizin ortasından keçirtdi,Çünki məhəbbəti əbədidir!
15. Fironla ordusunu Qırmızı dənizdə batırdı,Çünki məhəbbəti əbədidir!
16. O, xalqını səhrada apardı,Çünki məhəbbəti əbədidir!
17. O, böyük padşahları vurdu,Çünki məhəbbəti əbədidir!
18. O, güclü padşahları qırdı,Çünki məhəbbəti əbədidir!
19. Emor padşahı Sixonu vurdu,Çünki məhəbbəti əbədidir!
20. Başan padşahı Oqu öldürdü,Çünki məhəbbəti əbədidir!
21. Onların torpaqlarını irs olaraq verdi,Çünki məhəbbəti əbədidir!
22. Bu yerləri qulu İsrail nəslinin mülkü etdi,Çünki məhəbbəti əbədidir!
23. O, miskin halımızda bizi yaddan çıxarmadı,Çünki məhəbbəti əbədidir!
24. Bizi düşmən əlindən qurtardı,Çünki məhəbbəti əbədidir!
25. O, bəşəriyyətə ruzi verir,Çünki məhəbbəti əbədidir!
26. Göylərin Allahına şükür edin,Çünki məhəbbəti əbədidir!

Süleymanın Məsəlləri 29:12-13
12. Hökmdar yalan sözə qulaq asarsa,Bütün xidmətçiləri şər insana çevrilər.
13. Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir:Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.

2 Peterin 2:1-22
1. Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək.
2. Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək.
3. Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.
4. Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.
5. O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı.
6. O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi.
7. Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı.
8. Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.
9. Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.
10. O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.
11. Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz.
12. Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər.
13. Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar.
14. Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır.
15. Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar.
16. Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.
17. Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır.
18. Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar.
19. Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar.
20. Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar.
21. Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı.
22. Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar».